SİYASƏT
Ümumrusiya Azərbaycan Konqresinin Ryazan regional şöbəsi uşaq evində xeyriyyə tədbiri keçirmişdir
Bakı, 30 oktyabr (AZƏRTAC). Ümumrusiya Azərbaycan Konqresinin Ryazan regional şöbəsi yanında Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının fəalları Qurban bayramı şərəfinə Ryazan şəhərindəki Şeremetyevo-Pesoçinski uşaq evində olmuşlar.
“Uşaqlara sevinc bəxş et” xeyriyyə tədbiri müsəlmanların əsas bayramlarından biri olan Qurban bayramı münasibətilə təşkil edilmişdi. Təşkilatçıların sözlərinə görə, bu bayram insanları rəhmli və xeyirxah olmağa, sülhə və əmin-amanlığa çağırır. Həmin gün hər bir müsəlman ehtiyacı olanlara kömək göstərməyi özünə borc bilir.
ÜAK-ın rəsmi saytı yazır ki, Ryazan vilayətinin ən qocaman uşaq evlərindən biri olan Şeremetyevo-Pesoçinski uşaq evi knyaz baryatinskilərin keçmiş malikanəsində yerləşir.
2012-ci ildə uşaq evinin 92 yaşı tamam olmuşdur. Hazırda burada 3 yaşından 18 yaşınadək 55 uşaq tərbiyə alır. Gənc azərbaycanlılar məhz bu uşaqlar üçün əsl bayram təşkil etmişlər. Konqresin 30 nəfər fəal üzvü uşaqlar üçün müsabiqələrdən, mahnı və rəqslərdən ibarət əyləncəli proqram hazırlamış, habelə onlara Ryazanın azərbaycanlı sahibkarlarının vəsaiti ilə alınmış məktəb ləvazimatı, geyim, oyuncaq, meyvə və şirniyyat hədiyyə etmişlər.
Uşaqların minnətdarlığı onların səmimi gözlərindən və yüksək əhval-ruhiyyəsindən asanlıqla oxunurdu. Uşaqlar bu görüşdən elə onların özləri qədər zövq almış qonaqlardan ayrılmaq istəmirdilər. Məhz uşaq evinin yetirmələri üçün qonaqlar böyük bir qollu-budaqlı “Dostluq ağacı” çəkmişdilər. Hər budaqda uşaqlar və onların Ryazandan olan azərbaycanlı qonaqları xatirə üçün öz əllərinin rəngbərəng izlərini qoymuşlar.
ÜAK-ın Ryazan regional şöbəsinin sədri, “Vahid Rusiya” partiyası tərəfdarlarının regional şurasının üzvü Samir Qarayevin sözlərinə görə, bu tədbir son tədbir deyildir.
S.Qarayev ÜAK-ın saytı üçün müsahibədə demişdir: “Bu bayram islamın yüksək əxlaqi keyfiyyətlərini, insanlara qarşı rəhmli, xeyirxah olmağı, onları sevməyi tərənnüm edir. Bu bayram islamın yüksək ümumbəşəri dəyərlərə sadiq qaldığını təsdiq edir. Bu dəyərlər insanları saflaşdırır, cəmiyyətdə birliyin, sülhün və xeyirxahlığın möhkəmlənməsinə kömək edir. Yalnız öz ürəyini yüzlərlə balaca ürəklərə bölüb başqalarına bəxş etməyə hazır olanlar insanlara xeyir verə bilər”.