UNESCO təhsildə texnologiyadan düzgün istifadə edilməsinə çağırıb
Bakı, 31 iyul, AZƏRTAC
UNESCO-nun təhsildə texnologiyanın tətbiqinə dair yeni qlobal hesabatında bu sahədə müvafiq idarəetmə və tənzimləmənin olmadığı vurğulanıb. Təşkilat ölkələrə təhsildə texnologiyanın dizaynı və istifadəsi ilə bağlı öz şərtlərini müəyyən etməyə çağırıb və diqqətə çatdırıb ki, ən müasir texnoloji tətbiqlər heç vaxt şəxsi təmasları, müəllimin rəhbərlik etdiyi təlimatı əvəz etməməli, bu vasitələr yalnız hamı üçün keyfiyyətli təhsil üzrə ümumi məqsədi dəstəkləməlidir.
AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, UNESCO-nun Baş direktoru Odri Azulay hesabatla bağlı deyib: “Rəqəmsal inqilab ölçüyəgəlməz potensiala malikdir, lakin onun cəmiyyətdə necə tənzimlənməsi ilə bağlı xəbərdarlıqlar edildiyi kimi, təhsildə istifadə üsuluna da eyni diqqət yetirilməlidir. Texnologiyadan istifadə təkmil tədris təcrübəsi, habelə tələbələrin və müəllimlərin rifahı üçün olmalıdır, onlara zərər verməməlidir. İlk növbədə, şagirdin ehtiyacları qarşılanmalı və müəllimlərə dəstək göstərilməlidir. Onlayn əlaqələr insanların qarşılıqlı təmasını əvəz edə bilməz”.
“Təhsildə texnologiya kimin şərtlərinə uyğun vasitədir?” adlı 2023-cü il Qlobal Təhsil Monitorinqi Hesabatının Uruqvayın Montevideo şəhərində dünyanın müxtəlif ölkələrindən 15 təhsil nazirinin iştirakı ilə keçirilən təqdimatında bu sahədə dörd məsələ üzərində diskussiyalar aparılıb.
Əvvəlcə qeyd edilib ki, texnologiyadan istifadə bəzi kontekstlərdə bir sıra fənlərin öyrənilməsi prosesini təkmilləşdirə bilər. Hesabatda texnologiyanın həddindən artıq istifadə edildiyini və ya ixtisaslı müəllim olmadığı təqdirdə öyrənmə faydalarının yox olduğunu göstərən sübutlara istinad edilib. Məsələn, müəllimlər pedaqoji təcrübəyə cəlb olunmasa, şagirdlərə kompüter paylamaq tədrisə heç də müsbət təsir etmir. Məktəblərdəki smartfonlar da şagirdlərin diqqətini yayındırır, lakin ölkələrin dörddəbirindən çoxu onların məktəblərdə istifadəsini qadağan edir.
Sonra qeyd edilib ki, təhsildə texnologiyadan istifadə edərkən keçmiş səhvləri öyrənməliyik ki, gələcəkdə onları təkrarlamayaq. Biz uşaqlara həm texnologiya ilə, həm də texnologiyasız yaşamağı öyrətməliyik. Onlar informasiya bolluğunda ehtiyacı olanı götürməli, lazım olmayanı isə kənara atmalıdır. Eyni zamanda, texnologiyanın dəstəklənməsinə şərait yaratmaq lazımdır, amma bu, tədris prosesində heç vaxt insanlar arasında qarşılıqlı əlaqəni əvəz edə bilməz.
Hesabatda qlobal təhsil sistemində texnologiyanın tətbiqindəki qeyri-bərabərlik də göstərilib. Diqqətə çatdırılıb ki, təlim yalnız məsafəli olduqda və onlayn məzmunun həmişə kontekstə uyğun gəlmədiyi təqdirdə tələbələr arasında öyrənmə bərabərsizliyi genişlənir. Açıq təhsil resurs kolleksiyalarının tədqiqi müəyyən edib ki, ali təhsil onlayn repozitoriyalarının təxminən 90 faizi ya Avropada, ya da Şimali Amerikada yaradılıb, eyni zamanda, “Open Educational Resources Commons” qlobal kitabxanasındakı fondun 92 faizi də ingilis dilindədir.