Uşaq evində “QİÇS-lə mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib
Bakı, 1 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin birgə təşkilatçılığı ilə 3 saylı Uşaq evi sosial xidmət müəssisəsində “QİÇS-lə mübarizə” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin məqsədi uşaqların sağlam həyat tərzi, infeksiyalardan qorunma və təhlükəsiz davranış qaydaları barədə məlumatlılığının artırılmasından ibarət olub.
Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunan görüş zamanı uşaqlara immunçatışmazlığı virusu, onun yayılma yolları və qarşısının alınması üsulları barədə məlumat verilib.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisləri profilaktik tədbirlərin əhəmiyyəti, vaxtında müraciətin vacibliyi və maarifləndirmə işinin cəmiyyət üçün yaratdığı müsbət təsirlər haqqında danışıblar. Həmçinin uşaqların sualları cavablandırılıb, mövzuya dair maarifləndirici materiallar təqdim olunub.