CƏMİYYƏT
ÜST ifrat istilərin sağlamlığa ciddi təhdid olduğunu bildirib
Bakı, 29 iyul, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, ifrat istilər insanların sağlamlığı ilə bağlı əvvəllər mövcud olan vəziyyəti daha da pisləşdirir, xüsusən ürək-damar, diabet və astma xəstələrini narahat edir.
AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, ÜST son günlər üç qitədə milyonlarla insanın temperatur rekordları ilə bağlı davamlı təhlükəli istilərə məruz qaldığını qeyd edib. Təşkilatın rəhbəri Tedros Adhanom Qebreyesus deyib: "Həddindən artıq istilər yaşlı insanlar, körpələr və uşaqlar, yoxsullar və evsizlər də daxil olmaqla, həssas qruplara ən çox ziyan vurur. Bu, həm də səhiyyə sistemlərinə təzyiqi artırır. İfrat istiyə məruz qalma sağlamlığa mənfi təsir göstərir, əvvəllər də mövcud olan şərtləri ağırlaşdırır, vaxtından əvvəl ölüm və əlilliklə nəticələnir."
ÜST-nin Baş direktoru əlavə edib ki, onun rəhbərlik etdiyi təşkilat səhiyyə sistemlərinin fəaliyyətini əlaqələndirmək və həddindən artıq istilərin sağlamlığa təsirlərini azaltmaq üçün isti hava fəaliyyət planlarının hazırlanmasında ölkələrə dəstək olmaq məqsədilə Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) ilə birgə işləyir.
ÜST-nin ictimai səhiyyə və ətraf mühit üzrə rəhbəri Mariya Neyra xüsusilə hamilə qadınlar, diabet, ürək-damar və astma xəstələri üçün narahat olduğunu bildirib O qeyd edib ki, havanın çirklənməsi fonunda isti havaların təsiri daha da ağırlaşır. Bu kontekstdə milli hökumətlər potensial risk altında olanların hamısını müəyyən etməli, xəstəxanalar isə fəaliyyət planı hazırlamalı, habelə şəhər meriyaları həssas sağlamlıq qrupuna daxil olan sakinlərə tibbi xidmət göstərəcək xüsusi sığınacaqlar açmalıdır.
Mütəxəssislər isti hava dalğalarını atmosferə istixana qazı karbon qazını buraxan qazıntı yanacaqlarının yandırılması ilə şərtlənən iqlim dəyişikliyi ilə əlaqələndirir. ÜST bəyan edib ki, gecələr təkrarlanan yüksək temperaturlar sağlamlıq üçün xüsusi təhlükə yaradır, çünki isti günlərdə orqanizm bərpa oluna bilmir, bu da daha çox infarkt və ölümlərə səbəb olur.