VAHİD ƏRDƏM: AZƏRBAYCAN QƏRB ÜÇÜN BÖYÜK ƏHƏMİYYƏT KƏSB EDƏN ÖLKƏDİR
Qonaq nümayəndə heyətinin üzvlərini təqdim edərək dedi ki, onun tərkibində Türkiyə, Polşa, Norveç, Belçika, Estoniya, Portuqaliya, Böyük Britaniya, Sloveniya, İsveç, ABŞ təmsilçiləri vardır. Səfərin məqsədi Azərbaycan ilə NATO arasında əlaqələrin inkişafına dair fikir mübadiləsi aparmaq, ölkədə həyata keçirilən islahatlar və regional layihələr barədə ətraflı məlumat toplamaq idi. İki gün ərzində keçirilən görüşlər zamanı bizi maraqlandıran məlumatları almışıq. Azərbaycan Qərb üçün böyük əhəmiyyət kəsb edən ölkədir. Biz inanırıq ki, Dağlıq Qarabağ məsələsi sülh yolu ilə həll ediləcəkdir. Cənubi Qafqazdakı münaqişələr həll olunarsa, demokratikləşmə, sosial-iqtisadi inkişaf prosesləri sürətlə gedəcək, region ölkələrinin Qərbə inteqrasiyası daha da asanlaşacaqdır.
Vahid Ərdəm bildirdi ki, alt komitə Cənubi Qafqaz barədə hesabat hazırlayır. Bu hesabatın ilkin variantında Azərbaycanın etiraz etdiyi bəzi yanlışlıqlar var. Keçirilən görüşlərdə bu barədə də danışılmışdır və Azərbaycanın iradları nəzərə alınacaqdır.
NATO təmsilçisi vurğuladı ki, səfər çox səmərəli keçdi və nümayəndə heyətində böyük təəssürat oyatdı. Biz Azərbaycanın gələcəyini son dərəcə parlaq görürük.
Sonra Vahid Ərdəm jurnalistləri maraqlandıran suallara cavab verdi.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov mətbuat konfransında iştirak edirdi.