“Vahid sağlamlıq: insanlar, heyvanlar və ətraf mühit izahlı terminlər lüğəti”nin təqdimatı olub
Bakı, 3 iyul, AZƏRTAC
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli və Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutunun III Biotəhlükəsizlik səviyyəli mərkəzi referens laboratoriyasının direktoru aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Şəlalə Zeynalovanın “Vahid sağlamlıq: insanlar, heyvanlar və ətraf mühit izahlı terminlər lüğəti”nin Mərkəzi Elmi Kitabxanada təqdimatı keçirilib.
Dilçilik İnstitutundan AZƏRTAC-a bildirilib ki, lüğətin redaktoru AMEA-nın müşaviri, akademik Qərib Məmmədovdur. Lüğətdə müxtəlif elm sahələrinə (baytarlıq, biologiya, zoologiya, molekulyar biologiya, təhlükəsizlik, biotexnologiya, mikrobiologiya, parazitalogiya, qida təhlükəsizliyi, heyvandarlıq, genetika və s.) aid 2000-ə yaxın termin, terminoloji birləşmələrin izahı və onların ingilis, rus dillərində qarşılığı verilib. Həmçinin ilk dəfə kitabda bir çox alınma terminlər Azərbaycan dilində transkripsiya, transliterasiya olunub.
Multidisiplinar lüğət tələbələr, doktorantlar, elmi işçilər və kənd təsərrüfatının müxtəlif sahələri üzrə çalışan mütəxəssislər üçün nəzərdə tutulub.