Valideynlər üçün növbəti yay məktəbi
Bakı, 25 iyul, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşəbbüsü ilə valideynlər üçün növbəti yay məktəbi 237 nömrəli tam orta məktəbdə keçirilib.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, yay məktəbinin iştirakçıları ilə görüşdə məktəbin direktor əvəzi Elçin Quliyev cəmiyyətin təməlini təşkil edən, dəyərlərini yaşadan ailələr və ümumi təhsil müəssisələri arasında səmərəli əməkdaşlığı təşviq etməyin vacibliyini vurğulayıb. Müəllim, şagird və valideynlərin hər birinin təhsil iştirakçısı olduğunu xatırladan məktəb rəhbəri müəllimlə yanaşı, valideynin də övladının mənəvi yetkinliyinə cavabdeh olduğunu diqqətə çatdırıb.
Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Elmar Hüseynovun valideynlərin uşaqlarla münasibətdə psixoloji hazırlığı mövzusunda mühazirəsi dinlənilib.
Valideynlərlə qarşılıqlı fikir mübadiləsi şəraitində keçən yay məktəbində maraq doğuran məsələlərə aydınlıq gətirilib və valideynlərin məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinlənilib.
Yay məktəbi valideynlər üçün təşkil olunan intellektual-əyləncəli oyunlarla davam edib.
Qeyd edək ki, yay məktəbinin keçirilməsində əsas məqsəd uşaqlarla yaş dövrünə uyğun davranışla bağlı valideynləri maarifləndirmək, şagirdlərin təhsil nailiyyətlərinin artırılması baxımından məktəb-valideyn əməkdaşlığını müzakirə etmək, yeni tədris ilində qarşıya qoyulan hədəflərlə bağlı valideynləri məlumatlandırmaq, həmçinin məktəb-valideyn münasibətlərini təkmilləşdirmək, effektiv məktəb mühitini formalaşdırmaq və məktəbin nüfuzunun artırılmasına nail olmaqdan ibarətdir.