Vaseda Universitetinin azərbaycanlı magistri Tokio məktəblərində ölkəmizlə bağlı silsilə təqdimatlarla çıxış edir
Tokio, 16 oktyabr (AZƏRTAC). Tokionun Vaseda Universitetinin magistri Emil Cəfərzadə “Ryuqakusey qa sensey“ (“Əcnəbi tələbə müəllimdir”) proqramı çərçivəsində Tokionun Nerima şakuci orta məktəbində Azərbaycan haqqında təqdimatla çıxış etmişdir.
Bu barədə AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə məlumat verən E.Cəfrzadə bildirmişdir ki, “Kokusay Rikay Şien Kyokay“ (“Beynəlxalq qarşılıqlı anlaşmaya dəstək” Assosiasiyası) qeyri-hökumət təşkilatının proqramına qatılmaqda məqsədim sürətlə inkişaf edən Azərbaycan Respublikasını yaponiyalı məktəblilərə yaxından tanıtmaqdır.
Cari ilin iyunundan başlamış proqram çərçivəsində artıq beş məktəbdə təqdimatla çıxış etdiyini diqqətə çatdıran magistr bu tədbirlərdə 500-dək yapon məktəblisinin iştirak etdiyini qeyd etmişdir. Bunun bir vətənpərvərlik işi olduğunu vurğulayan E. Cəfərzadə sürətlə inkişaf edən Azərbaycanın tarixi, dili, mədəniyyəti, qədim adət-ənənələri, milli geyimləri, idmanı və mətbəxi haqqında məlumatların məktəblilər tərəfindən xüsusi maraqla qarşılandığını demişdir.
Azərbaycanla bağlı əyani vəsaitlərin - dövlət bayrağının, müxtəlif ədəbiyyatların, xəritələrin, CD və DVD-lərin əldə olunmasına göstərdiyi yardıma görə Azərbaycanın Yaponiyadakı səfirliyinə minnətdarlığını bildirən E.Cəfərzadə, bunlardan dərs zamanı səmərəli istifadə etməyə çalışdığını söyləmişdir. Xalqımızın qədim tarixə, zəngin mədəniyyətə, dahi şəxsiyyətlərə malik olduğunu bildirən magistr müstəqilliyimizin bərpasından ötən 21 ildə qazanılmış uğurlar barədə də yaponiyalı yeniyetmələri məlumatlandırdığını diqqətə çatdırmışdır.
Proqram çərçivəsində Tokio məktəblərində Azərbaycanla bağlı təqdimatlar E.Cəfərzadə Yaponiyada təhsilini başa vuranadək davam edəcəkdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio