Vətən müharibəsi döyüşçüsü: Mənzillə təmin olunmağımı sosial qayğının nümunəsi hesab edirəm
Bakı, 12 sentyabr, AZƏRTAC
Sığınacaqda mövqe tutub əmr gözləyirdik. Komandirin əmri ilə irəliyə doğru hücuma keçdik. Əməliyyatın qızğın yerində döyüş yoldaşım Kənan Əhmədovun yaralandığını görüb ona tərəf süründüm. Kənanı döyüş meydanından çıxaranda düşmən snayperinin atəşi ilə dizimdən yaralandım. Güllə kimi yağan mərmilərin altında xeyli şəhid verdik, çoxlu yaralılarımız var idi. Arxaya sürünüb yaralıların çox olduğu barədə məlumat vermək istəyirdim ki, çiynimdə dəhşətli ağrı hiss etdim. Artıq hərəkətimi itirmişdim, qətiyyən özümdə deyildim. Bu vaxt müddətdən artıq hərbi qulluqçu Eltac Bəhramlı özünü yetirərək məni atəş altından çıxardı. Sentyabrın 29-da Ağdərə istiqamətindəki həmin döyüşdə aldığım ağır yaradan uzun müddət müalicə olundum. Yalnız 9 aydan sonra sağlamlığım qismən də olsa bərpa edildi.
Bu sözləri AZƏRTAC-ın müxbiri ilə söhbətində Vətən müharibəsi günlərində piyada qoşunlarında hərbi xidmət keçən snayper İlkin Rüstəmov deyib.
O, ötən ayın 28-də 22 yaşını qeyd edib. Aldığı yaralardan sümükləri qırılan İlkin əvvəlcə Ağdamdakı Sarıcalı hospitalında, sonra Silahlı Qüvvələrin Baş Klinik Hospitalında, daha sonra M. Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında və Buzovnadakı Reabilitasiya Mərkəzində müalicə olunub. 3-cü qrup Vətən müharibəsi əlilidir. Sinəsini “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunması uğrunda” medalları bəzəyir. Sentyabrın 12-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər sırasında ona da mənzil verilib.
İlkin daha sonra deyib: “Anam, bacım və mən Xətai rayonunda kirayədə yaşayırdıq. Bu gündən artıq mənim də mənzilim var - Bakının Hövsan qəsəbəsindəki yeni yaşayış kompleksində ikiotaqlı evə köçəcəyəm. Bu, Vətən torpaqlarının müdafiəçilərinə göstərilən sosial qayğının daha bir ifadəsidir. Bu qiymətə görə dövlətimizə çox minnətdaram”.