Vətən Müharibəsi Qəhrəmanı ilə gənclərin görüşü keçirilib
Bakı, 2 iyul, AZƏRTAC
Cəlilabad rayon Heydər Əliyev Mərkəzində rayon gənclər və idman idarəsinin və Gənclərin Karyera və İnkişaf Mərkəzinin Cəlilabad nümayəndəliyinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi qəhrəmanı, baş leytenant Qəzənfər Ağayevlə fəal gənclərin görüşü keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, görüşdə Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin, GİKM Cəlilabad rayon nümayəndəliyinin, rayon Heydər Əliyev Mərkəzinin, Mərkəzi kitabxananın, Peşə Təhsil Mərkəzinin, Ombudsmanın Regional Mərkəzinin əməkdaşları, İkinci Qarabağ müharibəsi qaziləri, fəal gənclər iştirak ediblər.
Tədbirdə torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş Vətən müharibəsi qəhrəmanlarının ölkəmizin hər yerində olduğu kimi, Cəlilabad rayonunda da diqqət mərkəzində saxlanıldıqları bildirilib.
Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda Vətən müharibəsində iştirak edən gənclərimiz Qələbə naminə canlarından belə keçməkdən çəkinmədilər. Tədbir iştirakçıları ömrünün ən gözəl çağında şəhid olan gənclərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyiblər.
Görüş iştirakçıları Vətən torpaqlarının işğaldan azad olunmasına görə Qəzənfər Ağayev kimi qəhrəman oğullara borclu olduqlarını bildiriblər. Keçdiyi şərəfli döyüş yolundan söhbət açan Qəzənfər Ağayev Azərbaycan Ordusunun əsgər və zabitlərinin qəhrəmanlıqla döyüşdüklərini, Vətən yolunda canlarından keçməyə hər an hazır olduqlarını bildirib.