Veysəl Məlikov: Azərbaycanın zəbt olunmuş torpaqlarında tarixi ədalət bərpa olunacaq
Lerik, 7 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Son günlər Azərbaycan Ordusu müasir tariximizin şanlı səhifələrini yazır. Cəbhə xəttində ordumuzun düşmən üzərində qazandığı qələbələr bizi çox qürurlandırır.
Bu sözləri Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyin Lerik rayon filialının sədri, birinci qrup Qarabağ müharibəsi əlili Veysəl Məlikov AZƏRTAC-ın bölgə müxbirinə verdiyi müsahibədə deyib.
1993-94-cü illərdə cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə iştirak etdiyini vurğulayan Qarabağ müharibəsi əlili, həmin dövrdən fərqli olaraq hazırda Azərbaycanın düşmən üzərində qələbə qazanmağa qadir olan müasir və güclü ordunun olduğunu, son günlər işğal olunmuş ərazilərimizin bir qisminin azad olunmasının bütün xalqımızın hədsiz sevincinə səbəb olduğunu diqqətə çatdırıb.
O deyib: “30 ilə yaxındır ki, doğma evindən və yurdundan qaçqın və köçkünə dönmüş soydaşlarımızın konstitusion hüquqlarının bərpa olunması təmin edilir. Erməni vandalları ordumuzun qabağında duruş gətirməyərək böyük itkilər verir, öz döyüş mövqelərini özbaşına tərk edərək qaçırlar. Buna görə də onlar Qarabağdan kənarda yerləşən yaşayış məntəqələrimizin dinc sakinlərini mərmi atəşinə tuturlar. Bu, onların aciz və qorxaq olduqlarını bir daha sübut edir”.
Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə, sənaye şəhəri olan Mingəçevir, Beyləqan, Ağcabədi, Xızı və Abşeron rayonunun ərazisinə atılan raketlər nəticəsində yaşayış evlərinə və infrastruktura ciddi ziyan dəydiyini, dinc əhali arasında tələfata səbəb olduğunu söyləyən V.Məlikov daha sonra deyib: “Çox təəssüflər olsun ki, dünya ictimaiyyəti erməni siyasi rəhbərliyinin dinc əhaliyə qarşı apardığı terror hərəkətlərinə biganəlik nümayiş etdirir, problemin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən olan Fransa hökuməti dünyaya özünü məzlum xalq kimi təqdim edən erməniləri dəstəkləməkdə davam edir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi bəyanatlar bir daha sübut edir ki, biz haqq yolundayıq, biz dünya ictimaiyyəti və beynəlxalq hüquq tərəfindən qəbul edilən tarixi dövlət ərazilərimizi bərpa edirik.
Azərbaycan xalqının iradəsini heç bir qüvvə qıra bilməz. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə Azərbaycanın zəbt olunmuş torpaqlarında tarixi ədalət bərpa olunacaq, işğal altında olan Qarabağ və ətraf rayonlar düşmənlərdən azad ediləcək. Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!”.