V.Severçkov: Azərbaycanın ildən-ilə çiçəkləndiyini, dəyişdiyini və qüdrətləndiyini öz gözlərimlə görürəm
Moskva, 2 oktyabr (AZƏRTAC). Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) nümayəndə heyəti Rusiyanın İvanovo şəhərində bir sıra görüşlər keçirmişdir. Tədbirlər proqramına xeyriyyə aksiyası ilə start verilmişdir. İvanovo şəhərindəki “Qocalar evinə” gələn diaspor fəalları Beynəlxalq Ahıllar Günü münasibətilə veteranları təbrik etmiş, onlara hədiyyələr paylamışdır. Böyük Vətən Müharibəsi qəhrəmanlarının abidəsi önünə əklil qoyulmuşdur.
Sonra İvanovo şəhərinin Millətlər Evində Ümumrusiya Azərbaycan Konqresinin Rusiya Mərkəzi Federal Dairəsi üzrə nümayəndəliklərinin toplantısı keçirilmişdir. Tədbirdə İvanovo vilayətinin əksər rayonlarının diaspor fəalları, Kostroma, Smolensk və Vladimirdəki nümayəndəliklərin rəhbərləri və fəalları iştirak etmişlər.
Nümayəndə heyətinin rəhbəri, ÜAK-ın icraçı direktoru İlqar Hacıyev ölkələrimiz və xalqlarımız arasında qədim dostluq əlaqələrindən danışmış, diasporun Rusiyada fəaliyyət göstərməsi, milli özünəməxsusluğunu qoruyub saxlaması və inkişaf etdirməsi üçün yaradılmış şəraitin Azərbaycan və Rusiya prezidentlərinin düzgün milli siyasətinin nəticəsi olduğunu vurğulamışdır.
Ümumrusiya Azərbaycan Konqresinin İvanovo vilayəti üzrə regional bölməsinin rəhbəri, İvanovo şəhər Dumasının deputatı Sərraf Məmmədov qeyd etmişdir ki, ÜAK-ın Rusiyanın Mərkəzi Federal Dairəsi üzrə regional bölmələri regionda yaşayan azərbaycanlıların həmrəyliyinin möhkəmləndirilməsi, yerli idarəçilik orqanlarına inteqrasiyası üçün əsaslı işlər görürlər. S.Məmmədov regionda yaşayan Azərbaycan vətəndaşlarını qarşıdan gələn prezident seçkilərində fəal iştirak etməyə çağırmışdır.
Səfərin sonunda İvanovo Dövlət Filarmoniyasında Azərbaycan mədəniyyəti gecəsi təşkil olunmuşdur. Tədbirdə İvanovo şəhərinin meri Vyaçeslov Sverçkov, şəhər Dumasının deputatları, şəhərin və vilayətin müxtəlif dövlət qurumlarının rəhbərləri iştirak etmişlər. Vyaçeslav Severçkov çıxış edərək bildirmişdir ki, Ümumrusiya Azərbaycan Konqresi nümayəndələrinin İvanovo şəhərində keçirdiyi görüşlər Azərbaycan diasporunun həm Rusiyanın, həm də Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak etdiyinin daha bir sübutudur.
V.Severçkov sözünə davam edərək demişdir: “Üç ildir ki, mən ardıcıl olaraq məzuniyyətimi Azərbaycanda keçirirəm və bu ölkənin ildən-ilə çiçəkləndiyini, dəyişdiyini, qüdrətləndiyini öz gözlərimlə görürəm. Deməliyəm ki, təkcə Bakı şəhəri deyil, Şəki, Gəncə, Naftalan və digər regionlarda da əsaslı inkişafın şahidi olmuşam. Azərbaycanın və Rusiyanın inkişafı bizim dostluq münasibətlərimizin inkişafı ilə sıx bağlıdır”.
Konsert proqramında Azərbaycanın Xalq Artisti Samir Cəfərov və digər sənət adamları çıxış etmişlər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva