Vüqar Əhmədov: COVAX çərçivəsində vaksinlər qeyri-ədalətli şəkildə paylanılır
Bakı, 26 mart, AZƏRTAC
Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi, COVID-19-la mübarizədə də liderliyini qoruyub saxlaya bilib. Ölkəmizdə karantin tədbirləri ən yüksək səviyyədə həyata keçirilib. Sərt karantin tədbirlərindən irəli gələrək ölkəmizin iqtisadiyyatı və bir çox sahələri zərər görsə də, əhalinin sağlamlığı və təhlükəsizliyi üçün dövlətimiz lazım olan bütün tədbirləri zamanında və ən yüksək səviyyədə həyata keçirib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan-Amerika Gənclər Birliyinin sədri Vüqar Əhmədov bildirib.
Bu sahədə zərərçəkən əhalinin bütün təbəqələrinə müvafiq yardımların göstərildiyini vurğulayan V.Əhmədov deyib: “Beynəlxalq səviyyədə də Azərbaycan hökuməti bu prosesə öz töhfəsini verib. İstər BMT Baş Assambleyası, istərsə də BMT-dən sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatı çərçivəsində 30-dan çox ölkəyə COVID-19-la mübarizədə maliyyə dəstəyi verib. Sözsüz ki, bu ümumbəşəri bir problem olduğuna görə, dünya birliyi bu bəla ilə mübarizədə vahid mövqedən çıxış etməli və bir-birinə dəstək nümayiş etdirməlidir. Lakin təəssüf ki, bu gün biz bunun şahidi olmuruq.
COVID-19-dan qurtulmaq üçün əsas çarə vaksinlər olsa da, aparıcı bəzi Qərb dövlətləri bu məsələdə ikili standartlardan çıxış edirlər. Əslində, bu yanaşma təkcə bu gün deyil, hər zaman mövcud olub və bəzi Qərb dövlətləri dünyanı xilas etmək yolunda yalnız özlərinə sərf edən yoldan çıxış ediblər. Onlar sözdə, guya Yaxın Şərq və Afrika ölkələrində insanları aclıqdan və müharibədən xilas etmək üçün hansısa tədbirlər görsələr də, bunun arxasında müəyyən məqsədlər güdülüb. Təəssüf ki, vaksin məsələsində də eyni hal təkrarlandı. COVAX çərçivəsində vaksinlər qeyri-ədalətli şəkildə, yalnız öz çevrələrində olan ölkələr arasında qeyri-bərabər şəkildə paylandı və bu proses hələ də davam edir. Məhz bu səbəbdən Azərbaycan hələ də COVAX-dan razılaşdırılmış peyvəndləri ala bilmir və onun çatdırılma zamanı qeyri-müəyyəndir. Bu addımı atmaqla bunun arxasında dayanan dövlətlər məqsədli şəkildə digər dövlətləri çətin vəziyyətə qoymağa çalışır, bunu başqa cür qiymətləndirmək olmur, burada da biz ikili standartların şahidi oluruq. Çünki vaksinasiyası olmayan ölkələr alternativ tədbir kimi yenə də sərt karantin tədbirlərinə üz tutmalı olacaqlar, bu isə çətin iqtisadi vəziyyətdə olan ölkələri daha çətin duruma salmış olacaq. Bundan çıxış yolu isə vaksinasiyadır. Bu sahədə isə təəssüf ki, biz yenə ciddi ayrı-seçkiliyin şahidi oluruq. Bir sıra ölkələrə nəzərdə tutulduğundan da artıq vaksin verilsə də, digər ölkələr bu vaksinləri ala bilmirlər, nəticədə isə bu ölkələrdə vaksinləşmə prosesi ciddi şəkildə ləngiyir.
Azərbaycan həm daxili tədbirlər baxımından bir sıra qonşu ölkələrdən daha uğurlu olmuş, digər tərəfdən bütün sahələrdə diversifikasiya siyasətini həyata keçirdiyi kimi, bu sahədə də əhalinin sağlamlığını və təhlükəsizliyini nəzərə alaraq zamanında Çin istehsalı olan vaksinləri sifariş etmiş və hazırda əhalinin vaksinləşməsini həyata keçirir. Məhz Azərbaycan dövlətinin zamanında bu ehtiyat tədbiri görməsi nəticəsində biz ölkəmizdə son sərt karantin tədbirlərinə getmədik. Lakın bu, o demək deyil ki, belə davam edərsə, vəziyyət dəyişməz qalacaq. Azərbaycanın Çindən aldığı vaksinlər də məhdud saydadır və düşünürəm ki, COVAX üzərinə götürdüyü öhdəlikdən irəli gələrək ölkəmizi vaksinlərlə təmin etməlidir. Bu məsələ tək ölkəmiz üçün deyil, bütün dünya birliyi üçün bir sınaqdır və dünya birliyi bu bəladan qurtulmaq üçün vahid mövqedən çıxış etməlidir. Dövlətimizin bu sahədə atdığı addımları kifayət qədər mütərəqqi addımlar hesab etmək olar və ümid etmək istərdim ki, dünyanın aparıcı dövlətləri ölkəmizin COVID-19-la mübarizədə səylərini düzgün qiymətləndirərək adekvat addımlar atacaqlar”.