Vüqar Həşimov Memorialının beşinci turunda Azərbaycan qrossmeysterləri öz aralarında heç-heçə oynayıblar
Şəmkir, 31 may, Samirə Allahverdiyeva, AZƏRTAC
Mayın 30-da Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2016” turnirinin 5-ci turu keçirilib.
AZƏRTAC xəbər verir ki, bu turda italiyalı qrossmeyster Fabiano Karuana Azərbaycan şahmatçısı Teymur Rəcəbova, rusiyalı Sergey Karyakin Çin nümayəndəsi Hou İfana, hollandiyalı Aniş Giri Azərbaycanın digər nümayəndəsi Eltac Səfərliyə, hindistanlı Pentala Harikrişna ukraynalı Pavel Elyanova qalib gəlib. Azərbaycan qrossmeysterləri Şəhriyar Məmmədyarovla Rauf Məmmədovun oyunu heç-heçə başa çatıb.
Beş turdan sonra turnir iştirakçılarının vəziyyəti belədir: Fabiano Karuana - 4,5 xal, Aniş Giri - 4 xal, Sergey Karyakin - 3 xal, Şəhriyar Məmmədyarov, Pentala Harikrişna - hərəyə 2,5 xal, Rauf Məmmədov, Teymur Rəcəbov, Eltac Səfərli - hərəyə 2 xal, Hou İfan - 1,5 xal, Pavel Elyanov - 1 xal.
Mayın 31-də turnirdə istirahət günüdür.
İyunun 1-də keçiriləcək 6-cı turda aşağıdakı cütlüklər qarşılaşacaq: Aniş Giri - Pavel Elyanov, Hou İfan - Pentala Harikrişna, Rauf Məmmədov - Sergey Karyakin, Teymur Rəcəbov - Şəhriyar Məmmədyarov, Eltac Səfərli - Fabiano Karuana.