Vyanada Azərbaycan Akademik Birliyinin ofisi açılmışdır
Vyana, 28 iyun (AZƏRTAC). Vyana şəhərində Avstriyada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyinin ofisi açılmışdır.
Şəhərin mərkəzində yerləşən ofis-qərargahın açılışında Azərbaycanın Avstriyadakı səfirliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) nümayəndəliyinin əməkdaşları, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, Avstriya tələbə təşkilatlarının təmsilçiləri iştirak etmişlər.
Mərasimi giriş sözü ilə açan Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov tələbə və gənclərimizi bu əlamətdar hadisə münasibətilə təbrik etmişdir. Səfir bildirmişdir ki, 2013-cü il iki ölkənin münasibətlərinin inkişafında və Azərbaycanın Avstriyada təbliğ olunmasında mühüm irəliləyişlərlə yadda qalacaqdır. Çünki məhz bu il Azərbaycan Prezidenti İlham Əliyev Avstriyaya rəsmi səfər etmiş və səfər zamanı mühüm görüşlər keçirilmişdir. Daha sonra Vyanada Azərbaycan Mədəniyyət Mərkəzi açılmışdır. İndi isə Akademik Birliyin ofisinin açılışı ilə bu ölkədə Azərbaycanı təbliğ edən, həmvətənlərimizin bir araya gəlməsinə şərait yaradan yeni dayaq nöqtəsinin əsası qoyulur.
Vurğulanmışdır ki, bu əlamətdar hadisələr Azərbaycan dövlətinin getdikcə artan qüdrətinin, Prezident İlham Əliyevin rəhbərliyi altında yürüdülən uğurlu siyasətin, xaricdə yaşayan həmvətənlərimizə, tələbə və gənclərə göstərilən qayğının əyani təzahürüdür.
Azərbaycan AKademik Birliyinin sədri Elvin Süleymanov rəhbərlik etdiyi qurumun 11 il bundan əvvəl yaradıldığını bildirmiş, ötən müddət ərzində təşkilatın Azərbaycanı təbliğ edən müxtəlif səpkili tədbirlər keçirdiyini, öz sıralarını daim genişləndirdiyini və Avstriyadakı diasporumuzun ən böyük təşkilatına çevrildiyini diqqətə çatdırmışdır. E.Süleymanov təşkilatın uğurlu fəaliyyətinin qurulmasında göstərdiyi dəstəyə görə Azərbaycanın Avstriyadakı səfirliyinə təşəkkürünü bildirmişdir.
Mərasimdə səfir Qalib İsrafilova, ARDNŞ-in Avstriyadakı nümayəndəliyinin direktoru Gülmirzə Cavadova və Vyanada fəaliyyət göstərən “İron Fist” idman cəmiyyətinin rəhbəri Bülent Sağlama xatirə hədiyyələri təqdim olunmuşdur.
Akademik Birliyin idarə heyətinin üzvü Bahadur İbrahimov təqdimatla çıxış edərək ofisin məqsəd və vəzifələri, burada gənclərimiz və Azərbaycana maraq göstərən insanlar üçün yaradılmış şərait, təklif olunan xidmətlər barədə məlumat vermişdir.
Mərasimin rəsmi hissəsi bitdikdən sonra Birliyin üzvü, Vyanada təhsil alan azərbaycanlı tələbə Ülvi İsmayılov gitaranın müşayiəti ilə Azərbaycan xalq və bəstəkar mahnılarını ifa etmişdir.
Açılış mərasimi ziyafətlə başa çatmışdır.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana