MƏDƏNİYYƏT
Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində solo konsert VİDEO
![](/files/galleryphoto/2023/1/1200x630/16819845875397341415_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/1681984587600193985_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16819845873699962251_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16819845872170762943_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16819845876355644764_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16819845871032714577_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16819845873083444551_1200x630.jpg)
Vyana, 20 aprel, AZƏRTAC
Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində istedadlı gənc pianoçu və bəstəkar Aleksander Maria Vaqnerin solo konserti təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova mərkəzin təsis olunduqdan keçən on il ərzində klassik musiqi və fortepiano ifaçılığına xüsusi diqqət ayırdığını bildirib. Qeyd edilib ki, Azərbaycanın tanınmış pianoçularının səhnə aldığı müxtəlif konsertlərlə yanaşı, gənc musiqiçilərin dəstəklənməsi də daim diqqət mərkəzində saxlanılır. Almaniyada doğulan və bir neçə ildir Vyanada yaşayan gənc pianoçu Aleksander Maria Vaqner də məhz bu qəbildən olan musiqiçilər sırasındadır.
L. Qasımov diqqətə çatdırıb ki, A. M. Vaqneri Azərbaycan klassik musiqisinin elçisi də adlandırmaq olar. Belə ki, ötən il Vyanada Azərbaycan Akademik Birliyinin təşkilatçılığı ilə keçirilən “Odlar Yurdunun sədaları” adlı beynəlxalq musiqi müsabiqəsində “Azərbaycan bəstəkarının əsərinin ən yaxşı ifaçısı“ nominasiyasının qalibi olan A. M. Vaqner ötən dövr ərzində Azərbaycan bəstəkarlarının əsərlərini öz konsert proqramına daxil edib və Avropanın müxtəlif ölkələrində həmin əsərləri ifa edir.
Həmçinin diqqətə çatdırılıb ki, Mədəniyyət Mərkəzi solo fortepiano konsertlərinə öz tədbir cədvəlində geniş yer ayırır, bu çərçivədə gənc Azərbaycan və əcnəbi musiqiçilərə öz peşəkarlıqlarını nümayiş etdirmək imkanı yaradır.
Konsertdən öncə A. M. Vaqner Azərbaycan Mədəniyyət Mərkəzinə yaradılmış imkana görə təşəkkür edib. O, ötən il beynəlxalq müsabiqədə iştirakla onda Azərbaycan klassik musiqisinə böyük maraq oyandığını və müsabiqənin laureatı kimi Bakıda solo konsert proqramı ilə çıxış etdiyini, Bakının zəngin mədəni və tarixi irsi ilə tanış olmaq imkanı qazandığını bildirib.
Konsertdə bəstəkarlar Volfqanq Amadeus Motsart, Tofiq Quliyev, Leoş Yanaçek və Aleksander Maria Vaqnerin əsərləri səsləndirilib. Tofiq Quliyevin 12 parçadan ibarət “Cəmilənin albomu“ pyesi maraqla qarşılanıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana