WUF13-də Braziliyanın mənzil böhranı ilə mübarizə sahəsindəki təcrübəsindən bəhs olunub
Bakı, 22 may, AZƏRTAC
Braziliya əhalisinin sayı 210 milyonu aşsa da, şəhərləşmiş ərazilər ölkə ərazisinin cəmi 1 faizindən azını əhatə edir. Bununla belə, əhalinin 87,4 faizi şəhərlərdə yaşayır. Ölkədə 80 böyükşəhər bölgəsi mövcuddur, lakin onların yalnız 22-si həqiqi böyükşəhər dinamikasına malikdir.
AZƏRTAC xəbər verir ki, bu məlumatı Braziliyanın Şəhərlər Nazirliyində Şəhər və Metropolitan İnkişafın Strukturlaşdırılması üzrə direktor Kristiana Skorza Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Əlverişli mənzil və inklüziv ərazi inkişafı üçün böyükşəhər idarəetməsi” mövzusunda təşkil edilmiş panel sessiyada bildirib.
O qeyd edib ki, mənzil çatışmazlığı, qeyri-rəsmi yaşayış məntəqələri və nizamsız şəhər genişlənməsi ərazi bərabərsizliklərini daha da dərinləşdirir.
Mənzil böhranının həlli yollarından danışan nümayəndə qeyri-rəsmi şəhər ərazilərinin böyükşəhər dinamikasının ayrılmaz hissəsi kimi tanınmasının vacibliyini vurğulayıb. O, urbanizasiya, torpaq tənzimlənməsi, infrastruktur, mobillik və iqlim uyğunlaşması istiqamətlərini prioritet kimi sıralayıb.
Nümayəndə mənzil böhranının həllinin müxtəlif idarəetmə səviyyələri arasında əlaqələndirilmiş yanaşma tələb etdiyini və adekvat mənzilin ictimai marağın bir funksiyası kimi qəbul edilməsi zərurətini vurğulayıb.