Xaçmaz regional miqrasiya idarəsinin əməkdaşları tərəfindən növbəti səyyar xidmət göstərilib
Bakı, 13 mart, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) Xaçmaz regional miqrasiya idarəsinin əməkdaşları rayonun Xanoba kəndində fiziki imkanları məhdud Rusiya vətəndaşı Kurban Kuliyevdən Azərbaycan Respublikası ərazisində daimi yaşama icazəsinin müddətinin uzadılması ilə bağlı sənədlər qəbul ediblər.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, Quba və Qusarda isə rayon mərkəzindən kənarda yerləşən 7 müxtəlif məktəbdə şəxsiyyətini təsdiq edən sənədi olmayan 16 şagirdin valideynləri ilə görüş keçirilib. Onlara miqrasiya qanunvericiliyi izah olunub. Onlara övladlarının ölkə ərazisində yaşamasının leqallaşdırılması üçün müvafiq sənədlərin siyahıları təqdim edilib.
Görüşlərdə hər zaman olduğu kimi, bundan sonra da miqrasiya qanunvericiliyinin tələblərinə uyğun olaraq insanların məmnunluğunun artırılması məqsədilə müxtəlif istiqamətlər üzrə səyyar xidmətlərin göstəriləcəyi qeyd edilib.