Xaçmazlı ziyalı: Bu günlərdə Ali Baş Komandanın səsləndirdiyi hər bir kəlmə şüara çevrilir
Xaçmaz, 7 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Hər bir Azərbaycan vətəndaşı cəbhədən xəbərləri böyük həyəcan və qürur hissi ilə gözləyir. Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli ordumuz cəbhə xəttinin bütün istiqamətlərində həlledici zərbələr endirir və uğurla irəliləyir. Düşmən dinc sakinlərimizi ardıcıl raket atəşinə tutur. Lakin xalqımızda elə böyük ruh yüksəkliyi yaranıb ki, düşmənin yaratdığı dağıntılar, yaydığı yalan informasiyalar zərrə qədər diqqətə alınmır. Azərbaycan xalqı bu məqamı çoxdan gözləyirdi. Sülhsevər dövlətimiz münaqişənin həlli üçün uzunmüddətli danışıqlar aparsa da, beynəlxalq qurumlara rəsmi müraciətlər etsə də gözlənilən nəticə olmadı. Atəşkəsin daima pozulması, dinc sakinlərin qətlə yetirilməsi, sərhəd postlarının atəşə tutulması və nəhayət, Aprel döyüşləri, Tovuz hadisələri Azərbaycan dövlətinin səbrini daşırdı, müharibə üçün zəmin yaratdı.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Xaçmaz Tarix Diyarşünaslıq Muzeyinin direktoru Pakizə Mehdiyeva söyləyib.
Bildirib ki, bu günlərdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi hər bir kəlmə şüara çevrilir.
“Vətən sevgisi hər bir ürəkdə böyük coşqu yaradıb. Üçrəngli bayraqlarla bəzənmiş binalar, xoş xəbərə sevinən insanlar, hərbi komissarlığın qarşısına toplaşan könüllülər ordusu, hətta balaca bayraqları velosipedinə sancıb qürurla, var gücü ilə "Qarabağ bizimdir!" qışqıran balaca uşaqlar da insanda böyük fəxarət hissi oyadır. Cəbhədəki əsgərlər üçün yığışıb lavaş bişirən analar, ehtiyac olmasa da böyük istəklə toplanıb göndərilən yardımlar xalqımızın birliyindən, qələbə istəyindən xəbər verir. Qələbə bizimlə olacaq!”, - deyə P.Mehdiyeva söyləyib.