Xalq artisti: Üzeyir Hacıbəyli gənc istedadlara yol göstərən böyük müəllim olub VİDEO
Bakı, 18 sentyabr, AZƏRTAC
Üzeyir Hacıbəyli təkcə dahi bəstəkar deyil, həm də gənc istedadları üzə çıxaran, onlara istiqamət verən böyük müəllim olub. Onun yetişdirdiyi, sənət yolunda dəstək göstərdiyi musiqiçilər sonralar Azərbaycan musiqisinin inkişafına mühüm töhfələr veriblər.
Bunu AZƏRTAC-a açıqlamasında Xalq artisti, professor Ağaverdi Paşayev deyib.
O qeyd edib ki, Azərbaycan musiqiçiləri hər zaman Üzeyir Hacıbəylinin yolunu davam etdirməyə, onun yaratdığı ənənələrə sadiq qalmağa çalışıblar.
“Milli Musiqi Günü hər birimiz üçün əlamətdar gündür. Bu gün dahi Üzeyir Hacıbəylinin adı və onun yaratdığı böyük musiqi məktəbi ilə bağlıdır. Biz fəxr edirik ki, Azərbaycanın Üzeyir Hacıbəyli kimi dühası var. Biz onu müəllimlərimizin xatirələri vasitəsilə tanımış, sevmişik. İndi isə əsas vəzifəmiz onun zəngin irsini, yaratdığı ənənələri gələcək nəsillərə çatdırmaqdır”, – deyə A.Paşayev əlavə edib.