Xalq artisti Vasif Adıgözəlova həsr olunan videoçarx hazırlanıb
Bakı, 29 iyul, AZƏRTAC
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Xalq artisti, professor, Dövlət mükafatı laureatı, “Şöhrət” və “İstiqlal” ordenli unudulmaz bəstəkar Vasif Adıgözəlovun anadan olmasının 88-ci ildönümü tamam olub.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi musiqi mədəniyyətimizə möhtəşəm töhfələr verən və bu gün də incəsənət xadimləri, musiqiçilər tərəfindən böyük ehtiramla xatırlanan Vasif Adıgözəlov haqqında videoçarx hazırlayıb. Videoçarxda bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat yerləşdirilib.
Bildirilib ki, V.Adıgözəlovun yaradıcılığı çox geniş və rəngarəngdir. Onun müxtəlif musiqi janrlarında yazdığı yüksək səviyyəli sənət əsərləri geniş dinləyici kütləsinin rəğbətini qazanıb. Bəstəkar 2 operanın - "Ölülər" və "Natəvan", 6 musiqili komediyanın - o cümlədən "Nənəmin şahlıq quşu", bəstəkar Ramiz Mustafayevlə birgə yazdığı "Hacı Qara", "Boşanaq - evlənərik", "Aldın payını, çağır dayını", həmçinin "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915", "Qəm karvanı" oratoriyalarının, 3 simfoniyanın, "Segah" muğam-simfoniyasının, "Mərhələlər", "Afrika mübarizə edir" simfonik poemalarının, 5 instrumental konsertin, çoxlu sayda kamera-instrumental əsərin, 100-ə qədər mahnı və romansın, eyni zamanda dram tamaşalarına və kinofilmlərə yazılmış bir çox musiqilərin müəllifidir. Onun müxtəlif janrları əhatə edən yaradıcılığının çox hissəsini fortepiano üçün musiqi təşkil edir. Bu da təsadüfi deyil. Bir pianoçu kimi istedadı musiqi ictimaiyyəti tərəfindən həmişə yüksək qiymətləndirilib. O, hələ tələbəlik illərindən başlayaraq, fortepiano üçün prelüdlərdən tutmuş ən irihəcmli instrumental əsər - piano və orkestr üçün 3 “Konsert”in, skripka və orkestr üçün, violonçel və orkestr üçün konsertin müəllifidir.
Bəstəkarın yaradıcılığında monumental vokal-simfonik əsərlər də üstünlük təşkil edir. İri monumental əsərlərlə yanaşı, bəstəkarın mahnıları da öz səmimi, ecazkar melodiyası ilə xalqımızın ürəyinə yol tapıb. Onun dillər əzbəri olan "Qərənfil", "Bakı", "Xoşum gəlir", "Naz-naz", "Şuşa laylası", "Ana" kimi mahnıları insanın ülvi hisslərinin yüksək bədii təzahürüdür. Eyni zamanda, müxtəlif illərdə bəstələdiyi "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915" oratoriyaları xalqın tarixini, onun azadlıq və müstəqillik uğrunda mübarizəsini, qələbəsini tərənnüm edən yüksək vətənpərvərlik ruhunda yazılmış sənət əsərləridir. Xüsusilə, "Çanaqqala-1915" qəhrəmanlıq epopeyasına ilk dəfə Azərbaycan bəstəkarı Vasif Adıgözəlov müraciət etmiş və bu monumental əsər Türkiyə xalqının həyatında əlamətdar bir hadisə kimi yüksək qiymətləndirilib.
Qeyd edək ki, görkəmli bəstəkar 2006-cı il sentyabrın 15-də dünyasını dəyişib və Fəxri xiyabanda dəfn olunub. Onun yaratdığı ölməz sənət inciləri Azərbaycan musiqisinin ən dəyərli nümunələrindən biri kimi əsrlər boyu yaşayacaq, öz müəllifini heç zaman unudulmağa qoymayacaq.