XALQIMIZIN TARİXİNİN FACİƏLİ VƏ QƏHRƏMANLIQ SƏHİFƏSİ
16-da Azərbaycan Dövlət Tibb Universitetində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilmişdir. Mərasim iştirakçıları əvvəlcə xatirə abidəsinin önünə gül-çiçək dəstələri qoydular. Qanlı yanvar hadisələrini ötən əsrdə Azərbaycan xalqının başına gətirilmiş faciələrin ən dəhşətlilərindən biri kimi səciyyələndirən natiqlər tarixin dərslərindən nəticə çıxarmağın zəruriliyini vurğuladılar. Universitetin rektoru akademik Əhliman Əmiraslanov Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamına əsasən faciənin 12-ci ildönümü ilə əlaqədar dövlət səviyyəsində keçirilən tədbirlərin əhəmiyyətini nəzərə çarpdırdı.
Mərasim iştirakçıları baş vermiş faciəli hadisələrin mahiyyətini gənc nəslə izah etməyin, onları bu cür tədbirlərə yaxından cəlb etməyin zəruriliyini vurğuladılar.
X x x
1990-cı il qanlı yanvar hadisələrinin 12-ci ildönümü münasibətilə Nəsimi rayon icra hakimiyyəti və bələdiyyəsinin təşkil etdikləri mərasimdə çıxış edənlər vurğuladılar ki, bu faciə həm də xalqımızın tarixinin qəhrəmanlıq səhifəsi kimi yaddaşlardan silinməyəcəkdir. Prezident Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra öz siyasi qiymətini alan bu faciənin qurbanlarının xatirəsi daim əziz tutulur, yanvar şəhidləri və əlillərinin ailələrinə hər cür maddi və mənəvi yardım göstərilir.
Mərasimdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirildi. Vətəni, ananı, qəhrəmanlığı tərənnüm edən şerlər söylənildi. Sonra şəhidlərin ruhuna dua oxundu.
Çıxış edənlər şəhid ailələrinə, əlillərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti Heydər Əliyevə minnətdarlıq etdilər.
Axırda 20 Yanvar əlillərinə və şəhid ailələrinin üzvlərinə maddi yardım göstərildi.