XARİCDƏ TƏHSİL ALAN AZƏRBAYCANLI TƏLƏBƏLƏRİN FORUMU OLMUŞDUR
Tədbirdə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri çıxış edərək, müxtəlif ölkələrdə təhsil alan gənclərin gördükləri işlərdən, Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil etmələrindən danışmışlar.
Fransada, Türkiyədə, Rusiyada, ABŞ-da, İngiltərədə təhsil alan tələbələr, gənclər təşkilatlarının və dostluq cəmiyyətlərinin üzvləri forumda çıxış edərək, həmin ölkələrdə azərbaycanlı gənclərin mütəmadi olaraq bir yerə toplaşmasından, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı öz yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin taleyi barədə yerli xalqlara məlumat verilməsindən danışmışlar. Bildirilmişdir ki, Azərbaycan rayonlarının ermənilər tərəfindən işğalı günlərində mitinq və yürüşlər təşkil olunur, xalqımızın milli adət-ənənələrinin, mədəniyyətinin təbliği ilə bağlı tədbirlər həyata keçirilir.