XARİCİ İŞLƏR NAZİRLİYİNİN DİPLOMATİK AKADEMİYASININ YARADILMASINDA BEYNƏLXALQ TƏCRÜBƏDƏN İSTİFADƏ OLUNUR
Hafiz Paşayev bildirmişdir ki, uzun müddət diplomatik fəaliyyətdən sonra təcrübəsini təhsil sahəsinə yönəltmək fikrinə düşmüş, Azərbaycan Prezidentinin 2006-cı il 14 avqust tarixli Sərəncamı ilə Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru təyin edilmişdir.
Diplomatik Akademiyanın yaradılması haqqında Sərəncamdan sonra ABŞ-da bu sahədə fəaliyyət göstərən mərkəzlərin fəaliyyəti ilə maraqlanmağa başladığını qeyd edən H.Paşayev demişdir ki, bu məqsədlə konseptual məsələləri əhatə edən tədqiqat xarakterli sənəd hazırlanmışdır. Akademiyanın yaradılmasına maliyyə dəstəyi almaq üçün sənəd ABŞ-ın Ticarət və İnkişaf Agentliyinə təqdim olunmuşdur.
Nazir müavini ilin sonunadək agentliyin yekun qərarını alacaqlarına ümid etdiyini diqqətə çatdırmışdır.
Akademiyanın birinci mərhələdə dövlət qurumlarının xarici əlaqələr sahəsində çalışan əməkdaşları üçün ixtisasartıma kursları təşkil etməklə məşğul olacağını bildirən rektor, artıq bu işə başlandığını, ABŞ-dan olan iki mütəxəssisin Xarici İşlər Nazirliyinin əməkdaşları üçün intensiv ingilis dili kursları keçdiklərini demişdir. Növbəti mərhələlərdə beynəlxalq münasibətlər, beynəlxalq hüquq, diplomatiya, beynəlxalq jurnalistika, beynəlxalq maliyyə əlaqələri, biznes, konfliktologiya və digər sahələr üzrə magistr təhsili, daha sonrakı mərhələdə isə müvafiq ixtisaslar üzrə bakalavr təhsili təşkil ediləcəkdir. Bu işlərə həmin sahələrdə tanınmış xarici mütəxəssislərin rəhbərlik etməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, tədris prosesinə yerli mütəxəssislər, o cümlədən xaricdə təhsil alanlar da cəlb olunacaqlar.
Rektor akademiya üçün Bakı ətrafında universitet şəhərciyi tipində kompleks tikdirməyin nəzərdə tutulduğunu demişdir. Bundan əlavə, akademiyanın elmi mərkəzinin, internet portalının və kitabxanasının yaradılması da diqqət mərkəzindədir.
Akademiyanın yaradılması işində bu sahədə dünyada tanınmış tədris ocaqlarının təcrübəsindən istifadə olunacağını qeyd edən Hafiz Paşayev, sentyabrın sonunda Vyanada 49 ölkənin Diplomatiya Akademiyasının rəhbərlərinin görüşündə iştirak etdiyini demişdir. Artıq Ukraynanın, İsveçin, Rusiyanın, Argentinanın diplomatiya akademiyalarının fəaliyyəti ilə tanış olmaq üçün müvafiq dəvətlər alınmışdır.
ABŞ-ın Con Hopkins Universitetinin rəhbərliyi ilə əldə edilmiş razılığa əsasən bu təhsil ocağının ekspertləri Azərbaycanın Diplomatik Akademiyasında yeni səfirliklərin təşkilinə, konsulluq xidmətinə, səfirliyin yerləşdiyi ölkənin hökuməti və yerli mətbuatla əlaqələrini necə qurmasına dair təlimlər keçəcəklər.