XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
Yanvarın 18-də Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev ölkəmizdə səfərdə olan NATO Parlament Assambleyasının prezidenti Rafael Estrellanı qəbul etmişdir.
Qonağı salamlayan Vilayət Quliyev bu səfərin NATO ilə Azərbaycan arasındakı əlaqələrin daha intensiv şəkildə genişlənməsinə kömək göstərəcəyinə ümidvar olduğunu bildirmişdir. Nazir V.Quliyev ölkəmizin NATO Parlament Assambleyasında müşahidəçi rolunda, o cümlədən NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramının təlimlərində yaxından iştirak etdiyini bildirərək, Azərbaycanın bu təşkilatın Parlament Assambleyasına assosiativ üzvlüyü məsələsinin müzakirə edilməsinin zəruriliyini vurğulamışdır.
Ölkəmizin xarici siyasət idarəsinin başçısı V.Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan işlər, ATƏT-in Minsk qrupunun bu istiqamətdə fəaliyyəti və Azərbaycan qaçqınlarının ağır vəziyyəti barədə də qonağa ətraflı məlumat vermişdir.
NATO Parlament Assambleyasının Prezidenti Rafael Estrella öz növbəsində səmimi qəbula görə təşəkkürünü bildirərək, Şimali Atlantika İttifaqının Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin qorunmasında maraqlı olduğunu nəzərə çarpdırmışdır. Rafael Estrella Avropanın təhlükəsizliyinin Cənubi Qafqazdakı sabitlikdən asılı olduğunu qeyd etmiş və NATO rəhbərliyinin Azərbaycan ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirmişdir.
Qonağın xahişi ilə nazir Vilayət Quliyev regiondakı vəziyyət, ölkəmizdə aparılan iqtisadi islahatlar, neft sənayesinin inkişafı, o cümlədən neft kəmərlərinin çəkilməsi, onların qorunması və bu sahədə gələcək perspektivlər barədə ətrağlı məlumat vermişdir.
Görüşdə Milli Məclis sədrinin müavini, Milli Məclisin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov iştirak etmişdir.