SİYASƏT
Xarici ölkələrin Ukraynadakı hərbi attaşeləri Azərbaycanın Vətən müharibəsinin nəticələri barədə məlumatlandırılıb
![](/files/galleryphoto/2020/3/1200x630/16086423583671542425_1200x630.jpg)
![](/files/galleryphoto/2020/3/1200x630/16086423586326633218_1200x630.jpg)
Kiyev, 22 dekabr, AZƏRTAC
Azərbaycanın Kiyevdəki səfirliyində xarici ölkələrin Ukraynadakı hərbi attaşelik aparatının nümayəndələrinə Ermənistanın hərbi təxribatı, Ordumuzun 44 gündə uğurla həyata keçirdiyi əks-hücum əməliyyatının nəticələri barədə ətraflı məlumat verilib.
AZƏRTAC xəbər verir ki, tədbir Vətən müharibəsində şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun uğurlarından danışan ölkəmizin Ukraynadakı səfiri Elmira Axundova bildirib ki, Silahlı Qüvvələrimiz sentyabrın 27-dən başlatdığı əks-hücum əməliyyatları zamanı işğalçıya sarsıdıcı zərbələr vurub, düşməni tam məğlubiyyətə uğradıb. Bu gün Azərbaycan təkcə döyüş meydanında deyil, eyni zamanda, informasiya məkanında, siyasi müstəvidə, diplomatiyada da qələbə qazanıb.
Azərbaycan Silahlı Qüvvələrinin Ukraynadakı hərbi attaşesi polkovnik İlqar Ağayev görüşdə çıxış edərək hərbi attaşelərə uğurlu əks-hücum əməliyyatları nəticəsində azad olunmuş ərazilər haqqında məlumat verib. Bununla bağlı edilən videotəqdimatda 44 günlük Vətən müharibəsi barədə təhlili fikirlər səsləndirilib.
İ.Ağayev, həmçinin əldə olunan razılaşmaya baxmayaraq, erməni hərbçilərinin son təxribatları barədə ətraflı danışıb.
Sonra iştirakçıların sualları cavablandırılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev