Xarkovdakı “Dostluq” Azərbaycan Mədəniyyət-Təhsil Mərkəzində yeni tədris ilinin açılışı olmuşdur
Xarkov, 28 sentyabr (AZƏRTAC). Xarkovdakı “Dostluq” Azərbaycan Mədəniyyət-Təhsil Mərkəzi artıq 11-ci dəfədir ki, qapılarını təkcə öz şagirdləri üçün deyil, həm də Azərbaycan dilini, ədəbiyyatını, tarixini, adət və ənənələrini öyrənmək istəyən bütün xarkovlular üçün açır.
“Dostluq” Cəmiyyətinin idarə heyətinin üzvləri, vilayət və şəhər administrasiyalarının nümayəndələri, əcnəbi tələbələr və Azərbaycandan gəlmiş qonaqlar mərkəzin şagirdlərini və onların valideynlərini, müəllimləri, mərkəzin hər bir tədbirlərində iştirak edən məzunlarını səmimiyyətlə salamlamışlar.
Tədbirdə Xarkov Vilayət Dövlət Administrasiyasının daxili siyasət və ictimaiyyətlə əlaqə idarəsinin baş mütəxəssisi Y.Pançenko, Xarkov Şurası vətəndaş birlikləri ilə iş şöbəsinin baş mütəxəssisi B.Butırin və başqaları iştirak etmişlər.
“Dostluq” Cəmiyyətinin sədri Murad Ömərov və idarə heyətinin üzvü Eldar Vəliyev ötən tədris ilinin sonunda mərkəzin şagirdlərinin iştirakı ilə keçirilmiş illik bilik olimpiadasının nəticələrini elan etmişlər. Üç altqrupda keçirilən olimpiadada qalib gəlmiş 11 şagirdin, o cümlədən ən çox bal toplayaraq “Dostluq” Cəmiyyətinin təsis etdiyi Heydər Əliyev adına mükafata layiq görülmüş Eldar İbayevin adları elan edilmişdir. Olimpiadanın bütün qaliblərinə diplomlar, hədiyyələr, o cümlədən pul mükafatları təqdim edilmişdir.
Məktəbə ilk dəfə gəlmiş on nəfər birinci sinif şagirdinə də hədiyyələr paylanmışdır. Mərkəzi ötən il bitirmiş 7 şagirdə “Dostluq” Cəmiyyətinin işində fəal iştirak etdiklərinə və Xarkovun ali təhsil müəssisələrinə qəbul olunduqlarına görə təşəkkürnamələr təqdim edilmişdir.
Yeni tədris ilinin açılışından sonra “Dostluq” Cəmiyyətinin fəxri üzvü Azad Ömərovun şeirlər toplusu təqdim olunmuşdur. Mərkəzin şagirdləri və məzunları toplaşanları yeni şeirlərlə tanış etmişlər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev