“Xəzər həftəsi” çərçivəsində 10 hektar ərazi tullantılardan təmizlənib
Bakı, 3 oktyabr, AZƏRTAC
Hər il dünyada ənənəvi qeyd olunan Beynəlxalq Dəniz Günü ölkəmizdə də “Xəzər həftəsi” adı altında müxtəlif kütləvi tədbirlərlə yadda qalır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinın (ETSN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Xəzər həftəsi” çərçivəsində keçirilən bütün bu tədbirlər dənizin ekoloji cəhətdən təmizliyinin və sərvətlərinin qorunmasına, eyni zamanda, insanların maarifləndirilməsinə yönəlib.
Belə tədbirlərdən biri oktyabrın 3-də ETSN-in müvafiq qurumlarının əməkdaşlarının, yerli icra strukturları, bələdiyyələr və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Buzovna qəsəbəsi ərazisində, Xəzər dənizinin sahil zolağında keçirilib. İməcilikdə sahil zolağının 10 hektar ərazisi 12 kubmetrdən artıq bərk məişət və digər növ tullantılardan təmizlənib.