Xidmət rəisi: Şəhərlər miqrasiya və inkişafın aydın şəkildə göründüyü məkanlardır
Bakı, 20 may, AZƏRTAC
2024-cü ilə qədər miqrantların sayı 304 milyona çatıb ki, bu da qlobal əhalinin 3,3 faizini təşkil edir. Bu gün dünya əhalisinin yarısından çoxu şəhərlərdə yaşayır və 2050-ci ilə qədər bu göstəricinin 70 faizə çatacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində keçirilən “Miqrasiya və şəhərlər: təhlükəsiz, innovativ və dayanıqlı idarəetmə çərçivəsi” mövzusunda yüksəksəviyyəli panel müzakirələrin açılışında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, şəhərlər miqrasiyanın real hiss olunduğu, insanların təhlükəsizlik, imkanlar və xidmətlər axtardığı yerlərdir: “Şəhərlər həm də miqrantların böyüməyə töhfə verdiyi, miqrasiya və inkişafın aydın şəkildə göründüyü məkanlardır. Onlar yalnız əmək və sahibkarlıq yolu ilə deyil, həm də bilik, yaradıcılıq və sosial kapital vasitəsilə töhfə verirlər. Ona görə də miqrasiya idarəetməsi ilə şəhər idarəetməsinə artıq ayrı-ayrılıqda yanaşmaq olmaz, onlar birlikdə inkişaf etməlidir".
Xidmət rəisi qeyd edib ki, bu gün “ağıllı yol”lar, dayanıqlı rəqəmsal sistemlər və iqlimədavamlı məkanlar inşa edilsə də, davamlı şəhərlər tək infrastrukturla qurulmur: "Şəhərlərin hərəkətverici qüvvəyə — insanlara, insan istedadına, innovasiyaya, yaradıcılığa və əməkdaşlığa ehtiyacı var. Bunlar inklüzivlik və harmoniya ilə birlikdə fiziki infrastrukturu yaşayan və inkişaf edən məkanlara çevirəcək. İnsan mərkəzli idarəetmə olmadan hətta ən qabaqcıl infrastruktur belə dayanıqlılığa nail ola bilməz.
Bu baxışın mahiyyətini və əhəmiyyətini qəbul edərək, Azərbaycan miqrasiyanın idarə edilməsi prosesinin mərkəzində innovativ və hüquq əsaslı yanaşmaları yerləşdirir. Ölkəmiz təkcə iqtisadi inkişafı və genişlənən imkanları ilə deyil, həm də miqrantların özlərini xoş qarşılanmış hiss etmələrini təmin edən, təkmilləşdirilmiş institusional potensialla gücləndirilmiş inklüziv və inteqrasiya mühiti sayəsində miqrantlar üçün getdikcə daha cəlbedici bir məkana çevrilir".