“Xocalı - XX əsrin faciəsidir” mövzusunda elmi-praktik konfrans keçirilmişdir
Bakı, 27 fevral (AZƏRTAC). Naxçıvan Özəl Universitetində (NÖU) “Xocalı - XX əsrin faciəsidir” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları universitetin kitabxanasında təşkil olunmuş, soyqırımın dəhşətlərini əks etdirən sərgiyə baxmışlar.
Universitetin akt zalında davam edən konfransda bu ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev bildirmişdir ki, erməni quldurları tərəfindən Xocalıda xalqımıza qarşı törədilən soyqırımı barədə dünya ictimaiyyətinə vaxtında məlumat verilməmiş, faciənin əsl mahiyyətinə aydınlıq gətirilməmişdir. Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə gələndən sonra faciəyə hüquqi-siyasi qiymət verilmişdir.
Rektor demişdir ki, Xocalı soyqırımından 20 il keçməsinə baxmayaraq, bu faciə heç vaxt unudulmayacaqdır. Hazırda torpaqlarımızı erməni işğalçılarından təmizləməyə gücümüz, qüvvəmiz və qüdrətli ordumuz vardır. İ.Əliyev əminliklə bildirmişdir ki, ölkəmizdə aparılan uğurlu xarici siyasət nəticəsində Azərbaycanın işğal olunmuş torpaqları tezliklə azad ediləcək, xocalılılar və digər məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar.
NÖU-nun prorektorları İbrahim Kazımbəyli və Əli Yusifov çıxışlarında vurğulamışlar ki, ulu öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının tanınması istiqamətində yorulmaq bilmədən çalışır, bu sahədə ardıcıl iş aparır.
Sonda Xocalı soyqırımını əks etdirən sənədli film göstərilmişdir.