Xocalı faciəsi qan yaddaşımızdan silinməyəcək
Bakı, 24 fevral, AZƏRTAC
Fevralın 24-də Bakı Dövlət Universitetində (BDU) Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə faciə qurbanlarının xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov bədnam ermənilərin zaman-zaman qəsbkarlıq siyasəti apardıqlarını, torpaqlarımızda günahsız qanlar axıtdıqlarını bildirib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladlarının keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda törətdikləri amansız qırğınlardan danışan rektor qeyd edib ki, bu hadisə zamanı düşmən 613 nəfəri xüsusi qəddarlıqla qətlə yetirib, yüzlərlə sakini əsir və girov götürüb.
Vurğulanıb ki, Xocalı faciəsi qan yaddaşımızdan heç zaman silinməyəcək.
A.Məhərrəmov ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Xocalı faciəsinə siyasi-hüquqi qiymət verildiyini xatırladıb.
Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətini qeyd edən rektor bu siyasətin Heydər Əliyev Fondu tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.
Xocalı soyqırımının şahidi, jurnalistləri bu hadisənin törədildiyi əraziyə helikopterlə aparan ukraynalı pilot Leonid Kravets faciə ilə bağlı fikirlərini bildirib.
Sonra ədəbi-bədii kompozisiya nümayiş etdirilib.