Xocalı faciəsi xalqımıza qarşı aparılan etnik təmizləmə siyasətinin qanlı səhifəsidir
Qax, 26 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan xalqının tarixinə qanla yazılmış Xocalı faciəsindən 34 il ötür. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xalqımızın yaddaşında tariximizin ən faciəli günlərindən biri kimi dərin iz buraxmış Xocalı qətliamının ildönümü ilə əlaqədar Qax rayonunda da silsilə tədbirlər təşkil olunur. Tədbirlər planına uyğun olaraq, rayonun müəssisə və təşkilatlarında, ümumtəhsil məktəblərində, mədəniyyət ocaqlarında anım tədbirləri, konfranslar, sərgilər, müsabiqələr keçirilir.
Xocalı soyqırımının ildönümü ilə əlaqədar fevralın 26-da rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, ayrı-ayrı əmək kollektivlərinin rəhbər şəxsləri və nümayəndələri, gənclər, rayon sakinləri Qax şəhərindəki Şəhidlər xiyabanına gələrək, Vətənimizin azadlığı uğrunda canlarından keçən igid həmvətənlərin məzarları üzərinə gül-çiçək düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Xiyabanı ziyarət edənlər erməni millətçilərinin öz havadarlarının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri qətliamın xalqımıza qarşı yüzillər boyu apardıqları etnik təmizləmə siyasətinin ən qanlı səhifələrindən biri olduğunu vurğulayıb, bu faciənin hər bir azərbaycanlının qan yaddaşına əbədi həkk olunduğunu bildiriblər.
Sonra rayon rəhbərliyi Qaxda məskunlaşan Xocalıdan olan məcburi köçkün ailəsi ilə görüşüb.