QAN YADDAŞI
“XOCALI FACİƏSİ XALQIMIZIN QAN YADDAŞIDIR” MÖVZUSUNDA KEÇİRİLMİŞ İNŞA MÜSABİQƏSİNƏ YEKUN VURULMUŞDUR
AZƏRTAC xəbər verir ki, fevralın 23-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Gəncliyə Yardım Fondu (GYF) və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə keçirdiyi “Xocalı faciəsi xalqımızın qan yaddaşıdır” mövzusunda inşa müsabiqəsinə yekun vurulmuşdur.
Baş İdarənin rəisi Məmmədhüseyn Dadaşov bildirmişdir ki, Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən olan Xocalı soyqırımı insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biridir. O, söyləmişdir ki, müsabiqənin keçirilməsindən məqsəd Xocalı soyqırımının 15-ci il dönümünü yad etmək, xalqımıza qarşı törədilmiş bu dəhşətlərin gənclər tərəfindən unudulmamasına çalışmaq və onlarda Vətənə məhəbbət, sevgi hisslərini aşılamaqdır.
Tədbirdə Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Rasim Mirzəyev, Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Səlahəddin Dikmən, GYF-nin prezidenti Ahmet Tecim və başqaları çıxış edərək ermənilərin xalqımıza qarşı törətdikləri dəhşətli hadisələrdən danışmış və Xocalı soyqırımının yaddaşlardan silinməyəcəyini vurğulamışlar.
Məlumat verilmişdir ki, Bakı şəhər orta təhsil müəssisələrinin VI-XI sinif şagirdlərinin iştirak etdiyi müsabiqəyə 342 inşa göndərilmişdi. Münsiflər heyəti tərəfindən 207 nömrəli məktəbin X sinif şagirdi Gülşən Şahmurova I, 166 nömrəli məktəbin XI sinif şagirdi Nigar Verdiyeva II, 301 nömrəli məktəbin XI sinif şagirdi Türkan İsmayılova isə III yerə layiq görülmüşlər.
Qaliblərə diplomlar və pul mükafatları verilmiş, onların inşalarının kitabça şəklində dərc ediləcəyi bildirilmişdir.