Xocalı faciəsinin acı nəticələrini hər bir azərbaycanlı bilməli və daim yadda saxlamalıdır
Bakı, 26 fevral (AZƏRTAC). Xocalı faciəsi XX əsrin ən dəhşətli və qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı Bakıda keçirilən ümumxalq yürüşündə iştirak edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun əməkdaşı, sənətşünas Şahin Verdiyev demişdir.
O vurğulamışdır ki, Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni faşistləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Miqyasına və dəhşətlərinə görə dünya tarixində bənzəri az olan Xocalı soyqırımını törətməkdə erməni cəlladlar uzağa hesablanmış məqsəd güdürdülər. Məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən niyyətinə çata bilmədi. Doğrudur, faciə bütün Azərbaycan xalqını sarsıtmış, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurmuşdur. Lakin xocalılar hətta amansız soyqırımı günündə də özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar.
Xocalı faciəsinin acı nəticələrini hər bir azərbaycanlı bilməli və daim yadda saxlamalıdır.