Xocalı harayı sumqayıtlı məktəblilərin gözü ilə
Sumqayıt, 25 fevral (AZƏRTAC). 20 il bundan əvvəl, 1992-ci il fevralın 26-na keçən gecə XX əsrin dəhşətli cinayətləri salnaməsinə daha bir qanlı səhifə yazıldı. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin adı Xatın, Xirosima, Naqasaki, Sonqmi kimi tamamilə məhv edilmiş, yerlə yeksan olunmuş şəhərlərin siyahısına əlavə olundu.
Məhz bu ağrının itkisi, bu faciənin dəhşəti, Azərbaycan xalqının mərdliyi və qəhrəmanlığı, eyni zamanda əzəli Azərbaycan torpaqlarının işğaldan hökmən azad ediləcəyinə və çoxdan gözlədiyimiz Qələbə gününün gələcəyinə inam hissləri “Xocalı harayı” devizi altında keçirilən rəsm müsabiqəsinin iştirakçıları olan gənc rəssamların əl işlərinin leytmotivini təşkil edir. Sumqayıtdakı Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzi tərəfindən təşkil olunmuş eyniadlı sərgi-müsabiqədə məktəblilərin ən yaxşı işləri nümayiş etdirilmişdir.
Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Elgin Həbibullayev və şəhər təhsil şöbəsinin müdiri Vidadi Bağırov Mərkəzin yetirmələrinin qonağı olmuşlar.
Qonaqlar əvvəlcə Mərkəzin nümayiş zalında gənc rəssamların müxtəlif janrlarda yaratdığı işlərlə tanış olmuşlar. Vernisajda 100-dən artıq iş sərgilənmişdi. Uşaqların çəkdiyi bu rəsmlərə diqqətlə baxdıqca, cəmi bir neçə saatda soyqırımına məruz qalmış Xocalı şəhərinin dinc sakinlərinin ağrı, iztirab və əzablarını hiss edirsən. Gənc rəssamlar bu işlərdə həm də Qələbəyə ümid və inamlarını da əks etdirmişlər.
Mərkəzin direktoru Əntiqə Rzayeva bildirmişdir ki, 10 pedaqoq-rəssamın çalışdığı Təsviri sənət studiyasında 400-ə yaxın məktəbli məşğul olur. Burada tematik müsabiqələr keçirilməsi artıq ənənəyə çevrilmişdir. Gənc rəssamlar “Xocalı harayı” mövzusunda rəsm müsabiqəsi keçirilməsi ideyasını fəal dəstəkləmişlər. Müxtəlif yaş kateqoriyalarına aid gənc rəssamların müsabiqəyə təqdim etdiyi 200-dən çox işdən ən yaxşıları - yüksək ideya məzmunu ilə fərqlənən və təklif edilmiş mövzuya uyğun olan 20 iş müsabiqənin qalibləri hesab edilmişdir. Qaliblərə fəxri fərmanlar və xatirə hədiyyələri təqdim edilməsi mərasimi keçirilmişdir.
Sonra E. Həbibullayev və V. Bağırov Mərkəzin akt zalında təşkil edilmiş açıq dərsdə olmuşlar. Burada sumqayıtlı şair-dramaturq Əvəz Mahmud Lələdağın poeması əsasında çəkilmiş qısametrajlı film nümayiş etdirilmişdir. Mərkəzin nəzdində fəaliyyət göstərən dram dərnəyinin üzvləri olan gənc aktyorların iştirakı ilə “Premyer” həvəskar studiyasının üzvləri tərəfindən çəkilmiş bu filmdə videoxronika kadrlarından istifadə edilmişdir.
Xatırladaq ki, Sumqayıtdakı uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzinin yarım əsrlik tarixi vardır. Burada iki minə yaxın yeniyetmə və məktəblinin yaradıcılıq vərdişlərinin inkişaf etdirilməsi üçün maksimum əlverişli şərait yaradılmışdır. Mərkəzin dərnək və studiyalarında məşğələlər aparılmasına 80-dən çox müəllim və usta cəlb edilmişdir.