Xocalı həqiqətlərinin dünyaya tanıdılması hər birimizin borcudur
Bakı, 23 fevral, A.İsmayılova, AZƏRTAC
Fevralın 23-də C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilmiş “dəyirmi masa” keçirilib. Tədbirdə əvvəlcə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AZƏRTAC xəbər verir ki, kitabxananın direktoru, Əməkdar Mədəniyyət İşçisi Tahir Sadıqov zaman-zaman xalqımızın başına gətirilən faciələrdən söz açıb.
Bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Xocalı faciəsi tariximizə erməni daşnaklarının Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı siyasətinin növbəti mərhələsi kimi düşüb.
Ümummilli lider Heydər Əliyevin Xocalı soyqırımı haqqında fikirlərini, Prezident İlham Əliyevin “Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında” müvafiq Sərəncamını diqqətə çatdıran T.Sadıqov Xocalı həqiqətlərinin dünyada yayılması istiqamətində dövlətimizin həyata keçirdiyi işlərin miqyasını xatırladıb. Hərbi vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi, erməni təcavüzünün gələcək nəsillərə ötürülməsi və bu faciənin xalqımıza qarşı soyqırımı hadisəsi olaraq tanınması naminə bu cür tədbirlərin vacibliyini vurğulayıb.
Tədbirdə Bakı Dövlət Universitetinin professoru Əsədulla Qurbanov, “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin sədri Tofiq Əlizadə, Qarabağ qazisi Arif Məhərrəmov, Şəhid Ailələri Təşkilatının sədri Almaz Zeynalova, şairlər Qəşəm İlqar, Zərəngiz Qayalı və başqaları Xocalı həqiqətlərinin dünyaya çatdırılmasının vacibliyindən danışıblar. Bildirilib ki, Xocalı həqiqətlərinin dünyaya tanıdılması hər birimizin borcudur.
Sonda Xocalı haqqında videomaterial nümayiş olunub.