Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub
Bakı, 23 fevral, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanında Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları cəmiyyətin icra orqanında Xocalı həqiqətlərini təsvir edən materiallardan ibarət yaradılmış xüsusi guşələrlə tanış olublar.
Dövlət himni səsləndirildikdən sonra soyqırımı qurbanlarının və Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müdavimlər qarşısında çıxış edən cəmiyyətin sədri Şahvələd Əliyev işğalçı erməni hərbi qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırımı faciəsinin gerçəklikləri barədə geniş danışıb. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Xocalı faciəsi erməni daşnaklarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasətinin növbəti mərhələsi kimi tariximizə yazılıb.
Ümummilli lider Heydər Əliyevin Xocalı soyqırımı haqqında fikirlərini, Prezident İlham Əliyevin “Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında” müvafiq Sərəncamını diqqətə çatdıran cəmiyyətin sədri Xocalı həqiqətlərinin dünyada yayılması istiqamətində dövlətimizin həyata keçirdiyi işlərin miqyasını xatırladıb. Hərbi vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi, erməni təcavüzünün gələcək nəsillərə ötürülməsi və bu faciənin xalqımıza qarşı soyqırımı hadisəsi olaraq tanınması naminə bu cür tədbirlərin vacibliyini vurğulayıb.
Daha sonra Xocalı soyqırımının xronologiyasını əks etdirən videoçarx nümayiş etdirilib, canlı musiqi kompozisiyası və şeir dinlənilib. İrəvan Dövlət Azərbaycan Dram Teatrından dəvət olunmuş aktyorların ifasında müdavimlərdə yüksək hərbi vətənpərvərlik duyğuları aşılayan 45 dəqiqəlik “Qalx ayağa Azərbaycan!” tamaşası ilə tədbirə yekun vurulub.