Xocalı soyqırımı ermənilərin tarixən Azərbaycan xalqına qarşı apardıqları mənfur siyasətin davamıdır
Bakı, 23 fevral, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı fevralın 23-də Sabunçu Rayon İcra Hakimiyyəti ilə birgə tədbir keçirilib.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Güloğlan Məmmədov Xocalı soyqırımının ermənilərin tarixən xalqımıza qarşı apardıqları mənfur siyasətin davamı olduğunu bildirib.
Polkovnik Rasim Şirinov çıxışında bir çox xarici ölkələrin Xocalı faciəsini soyqırımı kimi tanıdıqlarını qeyd edib.
Xocalı sakini Fiqurə Rüstəmova törədilmiş vəhşiliklərin yaddaşlardan silinməyəcəyini deyib.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Xocalı faciəsinin dünya miqyasında soyqırımı aktı kimi tanıdılması istiqamətində həyata keçirilən işlərdən danışıb.
Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev isə Xocalı soyqırımının XX əsrin faciəsi olduğunu qeyd edib.
Tədbirin bədii hissəsində Sabunçu rayon 311 nömrəli orta məktəbin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış ediblər.