QAN YADDAŞI
XOCALI SOYQIRIMI QURBANLARININ XATİRƏSİ ABŞ-IN KALİFORNİYA ŞTATINDA ANILMIŞDIR
Azərbaycan Respublikasının Los-Ancelesdəki baş konsulluğundan AZƏRTAC-a bildirmişlər ki, fevralın 25-də Kaliforniyanın San Bernardino Universitetində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir.
Azərbaycan Respublikasının Los-Ancelesdəki baş konsulluğu, Amnesty İnternational və San Bernardino Universitetində təhsil alan tələbələrin birgə təşkil etdikləri tədbirdə baş konsul Elin Süleymanov, Amnesty İnternational təşkilatının prezidenti Alfredo Bonilla və universitetdə təhsil alan azərbaycanlı tələbə Qalib Rüstəmov çıxış etmişlər. Sonra “Lider” televiziyasının Xocalı soyqırımından bəhs edən videofilmi nümayiş etdirilmişdir.
Tədbiri açan Alfredo Bonilla Xocalıda azərbaycanlılara qarşı törədilmiş vəhşilikləri bəşəriyyət əleyhinə cinayət adlandırmışdır. Baş konsul E.Süleymanov Xocalı qırğınını törədənlərin bəşəriyyət qarşısında cavab verəcəklərini vurğulamış, ASALA-nın məşhur üzvü olan Monte Melkoniyanın qardaşı Markar Melkoniyan tərəfindən yazılan kitabda Xocalı əhalisinə qarşı törədilmiş vəhşiliklərin təsvirini sübüt olaraq iştirakçıların diqqətinə çatdırmışdır. E.Süleymanov bu soyqırımı planlaşdıran və həyata keçirən cinayətkarların hazırda Ermənistanda hakimiyyətə gəlmələrinin qorxulu bir tendensiya olduğunu vurğulamışdır.
Azərbaycanlı tələbə Qalib Rüstəmov Xocalı soyqırımı haqqında Kaliforniyanın San Bernardino Universitetinin tələbə və müəllim heyətinə ətraflı məlumat vermişdir.