QAN YADDAŞI
XOCALI SOYQIRIMININ 16-CI İLDÖNÜMÜ AZƏRBAYCANIN ÇEXİYADAKI SƏFİRLİYİNDƏ ANILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, fevralın 26-da Azərbaycanın Çexiyadakı səfirliyində Xocalı soyqırımının 16-cı ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir.
Mərasimdə Çexiyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən Türkiyə, Gürcüstan və Moldovanın səfirləri, Ukraynanın müvəqqəti işlər vəkili, Çexiya xarici işlər nazirliyinin məsul əməkdaşı, Çexiyanın Türkiyədəki keçmiş səfiri, Çexiyada yaşayan həmyerlilərimiz və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.
Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə tədbiri giriş sözü ilə açaraq, Xocalı soyqırımı barədə məlumat vermiş, günahsız insanların - qocaların, qadınların və uşaqların amansızlıqla qətlə yetirildiyi həmin hadisənin bəşəriyyət tarixində qara ləkə olduğunu söyləmişdir.
Çexiyanın Türkiyədəki keçmiş səfiri Tomaş Lanye çıxış edərək, Ermənistanın Azərbaycana qarşı təcavüzünün kökləri haqqında danışmış, keçmiş Sovet İttifaqının “Parçala və hökmranlıq et!” siyasətinin Xocalı faciəsinə gətirib çıxaran amillərdən biri olduğunu qeyd etmişdir.
Daha sonra Liditse memorialının direktoru Miloş Çerventsl Çexiya xalqının da 1942-ci ildə Liditsedə soyqırıma məruz qaldığını, bu hadisədən yarım əsr sonra eyni hadisələrin Xocalıda təkrarlanmasının hamı kimi onu da dəhşətə gətirdiyini, Xocalı soyqırımının cəmi 16 il bundan öncə baş verdiyindən bunun Çexiya gəncləri üçün daha böyük təsir qüvvəsinə malik olduğunu qeyd etmişdir.
Sonra Xocalı soyqırımından bəhs edən sənədli filmi nümayiş olunmuşdur. Sonda Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.