Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı Serbiyada da anma mərasimi keçirilmişdir
Bakı, 26 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfirliyindən AZƏRTAC-a daxil olmuş məlumata görə, fevralın 26-da səfirlikdə Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir.
Tədbirdə Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi, Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının rəhbərliyi ölkədə yaşayan Azərbaycan icmasının üzvləri, burada təhsil alan azərbaycanlı tələbələr, Serbiya ictimaiyyəti, KİV və Belqrad şəhərinin müsəlman icmasının nümayəndələri iştirak etmişlər.
Səfirliyin müşaviri Qabil Köçərli tədbirdə çıxış edərək, erməni millətçilərinin vaxtaşırı dövlətimizə və xalqımıza qarşı ərazi iddiaları irəli sürərək həyata keçirdikləri cinayətlərdən danışmış, onların 1918-ci ildə Bakı, Salyan, Lənkəran, Xaçmaz, Quba, Şamaxı və digər bölgələrdə törətdikləri qırğınlar, o dövrkü sovet rəhbərliyi tərəfindən azərbaycanlıların 1948-1953-cü illərdə Ermənistandan köçürülməsi, 1988-ci ildə Ermənistan ərazisində yaşayan soydaşlarımızın zorla öz ata-baba yurdlarından didərgin salınması, Dağlıq Qarabağ və ona bitişik 7 rayonumuzun işğalı, 1992-ci ildə Xocalıda törədilmiş soyqırımı barədə məlumat vermiş, bu cinayətlərin artıq Ermənistanın dövlət siyasətinə çevrildiyini qeyd etmişdir. O, Xocalı faciəsinin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləmiş, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışmış, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirmişdir.
Daha sonra tədbir iştirakçıları Xocalı faciəsinin dəhşətlərini əks etdirən sənədli filmə baxmışlar. Onlar Prezident İlham Əliyevin Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına, həmçinin Xocalı əhalisinin dünya xalqlarına, BMT, Avropa Şurası və ATƏT-ə, eyni zamanda Azərbaycanda yaşayan dini icmaların rəhbərlərinin dünya xalqlarına, dövlət başçılarına, parlamentlərə və beynəlxalq təşkilatlara müraciətlərinin mətni ilə tanış edilmişlər.
Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı səfirlik tərəfindən hazırlanmış press-reliz, həmçinin yuxarıda qeyd olunan müraciətlərin mətnləri Serbiyanın dövlət və hökumət orqanlarına, parlamentinə, qeyri-hökumət təşkilatlarına, ölkədə fəaliyyət göstərən səfirliklərə və beynəlxalq təşkilatların nümayəndəliklərinə göndərilmişdir.