Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Londonda yürüş keçirilmişdir
Bakı, 26 fevral (AZƏRTAC). Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Böyük Britaniyanın paytaxtı Londonda yürüş keçirilmişdir.
Trafalqar meydanından başlayan və Böyük Britaniya parlamentinin önündə dövlət himnimizin səslənməsi ilə başa çatan yürüşdə 300-dən artıq adam iştirak etmişdir.
Yürüş Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAİF), York, “Bristol”, “SOAS”, “Oxford” və “City” Azərbaycan cəmiyyətləri tərəfindən təşkil edilmişdir.
“Biz sülh, ədalət istəyirik”, “Qarabağ bizimdir, bizim olacaq”, “Azərbaycan” şüarlarının səsləndirildiyi yürüş zamanı yerli sakinlərə və şəhərin qonaqlarına faciə ilə bağlı bukletlər, müxtəlif materiallar paylanılmışdır.