Xocalılı məcburi köçkünlərlə görüş
İsmayıllı, 23 fevral, AZƏRTAC
Fevralın 23-də İsmayıllı Rayon İcra Hakimiyyətində Xocalıdan olan məcburi köçkünlərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov görüşdə Xocalı faciəsinin dəhşətlərindən, baş vermə səbəblərindən danışıb.
Bildirilib ki, ölkəmizdə məcburi köçkünlərə göstərilən dövlət qayğısı çərçivəsində İsmayıllıda bu təbəqədən olan insanların məşğulluğunun artırılması, mənzil şəraitinin və təsərrüfat fəaliyyətinin yaxşılaşdırılması tədbirləri həyata keçirilir. Xocalıdan olan məcburi köçkünlərə, eləcə də əlillərə, şəhid ailələrinə dövlətin verdiyi imtiyazlardan əlavə, yerli imkanlar hesabına sosial qayğı göstərilir.
Məcburi köçkünlərdən Zahid Namazov, Zakir Bəndəliyev, Nəriman Məmmədov, Əliağa Məmmədov və başqaları çıxış edib, onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Görüşdə xocalılıların istək və təklifləri dinlənilib, bununla əlaqədar aidiyyəti təşkilatların rəhbərlərinə tapşırıqlar verilib.
Sonra Xocalıdan olan məcburi köçkün ailələrinə ərzaq yardımı edilib.
Qeyd edək ki, Xocalıdan olan 20 məcburi köçkün ailəsi İsmayıllının Ruşan, Vəng, Kürdmaşı və Tubukənd kəndlərində məskunlaşıb.