Xocalının əsas hədəf seçilməsi ermənilərin düşünülmüş siyasətinin tərkib hissəsidir
Bakı, 23 fevral, AZƏRTAC
Tariximizin qanlı səhifəsi olan Xocalı soyqırımını ictimaiyyətə çatdırmaq məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyi mütəmadi olaraq maarifləndirici tədbirlər təşkil edir. Belə ki, fevralın 23-də muzeydə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan “26-cı ümid” mövzusunda tədbir keçirilib və rəssam Elşən Sərxanoğlunun “26-cı ümid” adlı rəsm əsərinin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə tarixçi alimlər, muzeyin kollektivi və media nümayəndələri iştirak ediblər.
Xocalı soyqırımı haqqında ətraflı məlumat verən muzeyin xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin müdiri Emin Dadaşov bildirib ki, bu faciə tariximizin ən qanlı səhifələrindən biridir. Bu dəhşətli hadisənin erməni quldur dəstələri tərəfindən törədilməsindən və onun ağır nəticələrindən danışan natiq diqqətə çatdırıb ki, soyqırımı nəticəsində dinc əhali xüsusi qəddarlıqla qətlə yetirilib, əsir götürülənlər isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qalıblar. E.Dadaşov deyib: “Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq mənəvi borcumuzdur”.
Azərbaycan Rəssamlar İttifaqının sənətşünaslıq bölməsinin sədri, Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev Xocalı soyqırımının dünyada baş verən digər qətliamlarla bir sırada olduğunu bildirib. Vurğulanıb ki, Xocalının ermənilər tərəfindən əsas hədəf kimi seçilməsi onların düşünülmüş siyasətinin tərkib hissəsidir. Təqdim olunan rəsm əsəri ilə bağlı fikirlərini bölüşən Z.Əliyev qeyd edib ki, rəsm yüksək bədii keyfiyyətə malikdir.
Sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları tərəfindən səhnələşdirilmiş “26-cı ümid” kompozisiyasının nümayişi olub.
Tariximizin təbliğində bədii estetik sənət növlərindən olan rəsmlərin özünəməxsus yer tutduğunu deyən E.Sərxanoğlu muzeyin rəhbərliyinə yaratdığı şəraitə görə minnətdarlığını bildirib.
Rəsm əsəri muzeyə hədiyyə edilib.
Sonda xarici jurnalistlərin Xocalı faciəsi ilə bağlı tədqiqatları, bir sıra ölkələrin mətbuatında dərc olunan məqalələr və “İrs - Nasledie” beynəlxalq jurnalının növbəti nömrəsi tədbir iştirakçılarına paylanılıb.