Yanğın təhlükəsizliyi qaydalarına əməl olunması diqqət mərkəzindədir
Naxçıvan, 23 sentyabr, AZƏRTAC
Naxçıvan Şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər Qaraxanbəyli Kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəlikdə “Payız-qış mövsümü dövründə təbii qaz və elektrik enerjisindən istifadə zamanı texniki və yanğın təhlükəsizliyi qaydalarına əməl olunması və yaşayış sahələrində dəm qazından zəhərlənmə hallarının başvermə hallarının qarşısının alınması” mövzusunda seminar-müşavirə olub.
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları üzrə iş şöbəsinin müdiri İsmayıl Gülməmmədov bu cür seminar-müşavirələrin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Naxçıvan Şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi, daxili xidmət mayoru Mirtaleh Seyidov ictimai yaşayış binalarının, idarə, müəssisə və təşkilatların qazanxanalarında texniki və yanğın təhlükəsizliyi tədbirlərinə əməl olunması və qazanxanalarda işləyən mövsümi işçilərin peşə kurslarına cəlb olunması, yeni təmir edilən ictimai yaşayış binalarının tüstü bacalarının və havaçəkmə kanallarının təmizlənməsi ilə bağlı görülən işlər və bu istiqamətdə aparılan maarifləndirici tədbirlər barədə danışıb.
Tədbirdə Naxçıvan Şəhər Polis İdarəsinin rəis müavini, polis mayoru Elvin Səfərli və Naxçıvan Şəhər Qaz İstismar İdarəsinin nümayəndəsi Həbib Əliyev çıxış ediblər.
Seminar-müşavirənin sonunda iştirakçılara “Qaz və elektrik qızdırıcı cihazlarından istifadə qaydaları” mövzusunda tövsiyə xarakterli yaddaş kitabçaları təqdim edilib.