Yaponiya, ABŞ, Avstraliya və Hindistanın Xarici İşlər nazirləri Tokioda görüşüblər
Tokio, 7 oktyabr, AZƏRTAC
Yaponiya, ABŞ, Avstraliya və Hindistanın Xarici İşlər nazirləri Tokioda bir araya gələrək azad və açıq Hind-Sakit okeanı regionunun yaradılması məsələsini müzakirə ediblər.
AZƏRTAC xəbər verir ki, görüşdə Yaponiyanın Xarici İşlər naziri Toşimitsu Moteqi, ABŞ-ın Dövlət katibi Mayk Pompeo, Avstraliyanın Xarici İşlər naziri Mariz Peyn və Hindistanın Xarici İşlər Naziri Subrahmanyam Cayşankar iştirak ediblər.
T.Moteqi Çinin dənizdə artan fəallığını nəzərdə tutaraq son illər müxtəlif istiqamətlərdə beynəlxalq qaydalara qarşı təhdidlərin artdığını qeyd edib. Həmçinin koronavirus pandemiyasının bu tendensiyanı gücləndirdiyini bildirib.
Görüşdə iştirak edən bütün ölkələrin beynəlxalq qaydalara əsaslanan nizamın möhkəmləndirilməsini dəstəklədiyini qeyd edən yapon nazir azad və açıq Hind-Sakit okean regionunun yaradılması ideyasının da bu məqsədə xidmət etdiyini vurğulayıb. Bunun üçün daha çox dövlətin öz səylərinin birləşdirməsinin zəruriliyini qeyd edib.
Nazirlər azad və açıq Hind-Sakit okean regionu ilə əlaqədar konsensusun əhəmiyyətini bildirərək bu istiqamətdə görüşlərin müntəzəm şəkildə davam etdirilməsi barədə razılığa gəliblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio