İQTİSADİYYAT
Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı: Dekarbonizasiyada ölkələrin coğrafi mövqeyi və iqtisadi inkişafını nəzərə almalıyıq
Bakı, 14 noyabr, AZƏRTAC
Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı bir sıra ölkələrin inkişafına yönəlmiş fəaliyyətlər həyata keçirir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının (JBIC) icraçı direktoru, dayanıqlılığın idarə edilməsi departamentinin baş direktoru Hiroko Yano COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən təşkil edilmiş “Cənubi Qafqaz və Mərkəzi Asiyada iqlim maliyyəsinin mənzərəsi” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, bu cür dəstəklər Azərbaycanda da həyata keçirilir.
“Qlobal ətraf mühit və iqlimlə bağlı fəaliyyətimiz çoxşaxəlidir. Dekarbonizasiya barədə danışarkən neytrallığı hədəf götürürük. Biz bu məsələdə hər bir ölkənin coğrafi mövqeyini və iqtisadi inkişafını da nəzərə almalıyıq. Dekarbonizasiya və yaşıl enerjiyə keçiddə daha azkarbonlu texnologiyalara üstünlük verilməlidir. Son illərdə iqlim dəyişiklikləri sürətlə davam edir. Cənubi Qafqaz ölkələri dekarbonizasiya proqramları hazırlayırlar. Bu məsələləri milli neft təşkilatları ilə müzakirə etmişik. Yerli hökumət nümayəndələri ilə birlikdə ortaya qoyulan layihələrdə əsas hədəf dekarbonizasiyaya nail olmaqdır”.