DÜNYA
Yaponiya Fukuşima təbii fəlakətinin 10-cu ildönümünü qeyd edir
Tokio, 11 mart, AZƏRTAC
Martın 11-də Yaponiya əhalisi ölkənin şimal-şərqində güclü zəlzələ və sunami nəticəsində baş vermiş atom qəzasının 10-cu ildönümünü qeyd edir. Bütün sakinlər həmin təbii fəlakət zamanı həlak olanların xatirəsini anır.
AZƏRTAC xəbər verir ki, 9 bal gücündə zəlzələnin əmələ gətirdiyi 10 metrdən də hündür dalğalar nəticəsində həlak olan 15 900 nəfərin və itkin düşən 2525 nəfərin xatirəsi ölkənin hər yerində təşkil edilən mərasimlərdə anılır. Hökumətin bu ərəfədə yaydığı məlumatda təbii fəlakətin əmələ gətirdiyi tibbi fəsadlar və digər səbəblər üzündən martın 10-dək daha 3775 nəfərin həyatını itirdiyi bildirilir.
Qeyd edilir ki, fəlakət nəticəsində doğma yerlərini tərk etmiş və hələ də müvəqqəti yaşayış məskənlərində yaşayanlar tezliklə həmin məntəqələri tərk edəcəklər. Bildirilir ki, həmin insanlar üçün nəzərdə tutulan dövlət evlərinin inşası ötən ilin dekabrında başa çatdırılıb. Bununla belə, “Fukusima-1” atom elektrik stansiyasında (AES) baş verən qəzaya görə 41 mindən çox insan hələ də öz doğma şəhərlərindən uzaqda yaşamaq məcburiyyətindədirlər.
Xatırladaq ki, 2011-ci il martın 11-də bu AES-də dünyada Çernobıl faciəsindən sonra ən dəhşətli nüvə qəzası hesab edilən üç qat qəzaya məruz qalıb. Üstündən 10 il vaxt keçməsinə baxmayaraq, Fukuşima prefekturasının bəzi bələdiyyələri hələ də sakinlərin üzünə bağlıdır.
Yaponiya hökuməti və AES-in operatoru olan “Tokyo Electric Power Co.” şirkəti stansiyanın 2051-ci ilədək istismardan çıxarılacağını bildirib. Reaktorlarda toplanmış radioaktiv tullantıların çıxarılmasının ən ağır iş olduğu qeyd edilir. TEPCO şirkətinin bildirdiyinə görə, stansiyada toplanmış 880 ton ağırlıqda radioaktiv qırıntılar toplanıb.
Bildirilir ki, şirkət həmin tullantını cari ildə kənarlaşdırmağı planlaşdırsa da, koronavirus pandemiyası səbəbindən bunu etmək mümkün olmayıb. Pandemiya bu prosesi ən azı bir il müddətinə təxirə salıb.
Bununla yanaşı, fəlakətdən sonra stansiya ərazisində toplanmış 1,2 milyon ton ağırlığında çirkli suyu kənarlaşdırmağında ciddi problem olaraq qaldığı qeyd edilir. Həmin sudan qəzalı reaktorları soyutmaq üçün istifadə edilib. Hökumətin qarşısında duran əsas vəzifələrdən biri bu suyu nə edəcəyidir.
Eyni zamanda, TEPCO şirkəti və hökumət qarşısında duran vəzifələr sırasında AES-də istismarın dayandırılması nəticəsində əmələ gələn radioaktiv tullantılar üçün yer tapmaq da var. Hazırda AES-də 470 min kubmetr belə tullantının toplandığı bildirilir. Həmçinin AES-də istismar prosesinin dayandırlması başa çatdıqdan sonra əmələ gələcək tullantının miqdarını dəqiqləşdirmək də lazımdır.
Hökumətin qərarına əsasən, cari ildə xatirə mərasiminin keçirilməsi planlaşdırılır ki, ötən il həmin mərasim pandemiyaya görə təxirə salınmışdı.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio