Yaponiya hökuməti təbii fəlakətdən zərər çəkmiş regionlarla bağlı yeni strategiyanı qəbul edib
Tokio, 9 mart, AZƏRTAC
Yaponiya Nazirlər Kabineti 2011-ci ilin martında baş vermiş zəlzələ və atom qəzasından zərər çəkmiş regionların bərpası ilə bağlı yeni strategiyanı qəbul edib.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, hökumət üzvləri həmin strategiyanı martın 9-da - zəlzələ və sunaminin baş verməsinin 10-cu ildönümü ərəfəsində bəyənib.
Yeni strategiya bərpa işləri ilə məşğul olan idarənin fəaliyyətini daha 10 il müddətinə, yəni, 2031-ci ilədək uzatmağı nəzərdə tutur. Eyni zamanda, sənəddə aprel ayından başlayaraq qarşıdakı 5 ildə bərpa və iqtisadi dirçəlişin ikinci dövrü elan edilir. İdarənin qənaətinə görə, bu işlərə 15 milyard dollar vəsait lazım olacaq.
Yeni plana əsasən, hökumət zəlzələdən və sunamidən zərərçəkmiş rayonların sakinlərinə dəstək göstərəcək, xüsusən onların psixoloji yardım almasına və yerli icmaların formalaşmasına kömək edəcək.
Nazirlər Kabinetinin iclasında çıxış edən Baş nazir Yoşihide Suqa bildirib ki, Fukuşimanı bərpa etmədən Tohoku regionunu, Tohokunu bərpa etmədən isə Yaponiyanı dirçəltmək mümkün deyil.
Baş nazir, həmçinin qeyd edib ki, 2011-ci il təbii fəlakətinin nəticələrinin aradan qaldırılması onun hökuməti üçün başlıca vəzifə olaraq qalır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio