YAPONİYADA 6 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ BAŞ VERMİŞDİR
Ölkənin Baş Meteorologiya İdarəsinin məlumatına görə, Niiqata, Qumma və Fukusima prefekturalarında yerli vaxtla səhər saat 10.40-da (Bakı vaxtilə saat 6.40) 20 saniyə fasilə ilə 2 yeraltı təkan qeydə alınmışdır. Zəlzələnin mərkəzi 10 kilometr dərinlikdə olmuşdur. Yeraltı təkanlar Tokioda da hiss edilmişdir.
Zəlzələ əhalini xüsusilə təşvişə salmışdır. Niiqata prefekturasında bütün dəmir yol nəqliyyatı dayanmışdır. Honsü adasının mərkəzində mobil telefon rabitəsinin işində bəzi fasilələr yaranmışdır.
Yayılan məlumata görə, əvvəlki təkanlardan zədələnmiş binalar uçmuşdur. Zərərçəkənlər barədə hələlik məlumat verilmir. Bəzi magistrallarda nəqliyyatın hərəkəti müvəqqəti dayandırılmışdır.
Televiziya ilə əhalini yeraltı təkanlar nəticəsində zərər çəkmiş tikililərə yaxınlaşmamağa çağırırlar.
6,8 bal gücündə olan əvvəlki yeraltı təkanlar Niiqatanın bir çox rayonlarını əsl fəlakət zonasına çevirmişdir. Burada indiyədək 100 minə yaxın adam evlərini tərk etmişdir.